Bu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
 
Tədbirin əvvəlində şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra şəhid jurnalistlərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
 
Mərasimin sonunda şəhid jurnalistlər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov mükafata layiq görülüb. Onların mükafatı ailələrinə təqdim edilib.
 
Bundan başqa, siyahıda Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak və “CNN Türk”ün sabiq işçisi, hazırda “Fox TV”də çalışan Fulya Öztürk, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistan media nümayəndələrinin də adı var.
 
Qeyd edək ki, tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunan silsilə tədbirlərdə iştirakı da nəzərdə tutulub.

Baxış sayı: 5613 | Tarix: 25.09.2021
Bizi Telegramda izləyin: @repostaz