Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
 
Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
 
Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.
 
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir.
 
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır.
 
Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.
Qeyd edək ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.
 
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib.
 
Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Baxış sayı: 14410 | Tarix: 27.02.2024
Bizi Telegramda izləyin: @repostaz