O, 1924-cü il aprelin 12-də qədim Oğuz yurdu füsunkar Göyçədə dünyaya gəlib. Yetkinlik yaşına çatana qədər Əli Hüseyn oğlu Məhərrəmovun həyatının necə keçdiyi haqqında heç bir məlumatım yoxdur. Ancaq 17 yaşdan sonrakı həyatı məlumdur. 1942-ci ildə nəhəng Sovetlər ölkəsinin ucqar əyalətində yaşayan gənc Əli Hüseyn oğlu Göyçə gölünün sahilindəki balaca Dərə kəndin­dən çıxıb, dəliqanlı kənd uşaqları ilə birgə Rusiyanın geniş çöllərinə, faşizmə qarşı döyüşə yollanıb. Cəbhədə müharibənin bütün məhrumiyyətlərini yaşayıb, boğazından ağır qəlpə yarası alıb, səhra hospitalında uzun müddət ölümlə çarpışıb, müalicədən sonra həkimlərin israrına baxmayaraq, tərxis olunmaq istəməyib. Tam qələbəyədək müharibənin içində qalıb, zenit batareyasında topçu yoldaşları ilə birgə döyüşə-döyüşə Ukraynadan, Belarusdan, Polşadan keçərək Almaniya sərhədlərinə qədər gedib. “Qvardiyaçı” ordeninə, “Döyüşdə göstərdiyi şücaətə görə”, “Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” və b. medallara layiq görülüb. 
 
Ölüm mələyinin rəqs elədiyi cəbhə böl­gələrində nələr görüb, səngərlərdə nələr ya­şayıb, üzərlərinə gələn düşmən tanklarının nəriltisindən necə həyəcanlanıb, yaxınlıqda partlayan minanın tikə-tikə etdiyi döyüşçülə­rin faciəsindən nə sarsıntılar keçirib, koman­dirlərin hansı haqsızlıqları ilə üzləşib – bunla­rı dəqiq bilmirəm. Amma bilirəm ki, nəhayət, cəbhədən qələbə ilə geriyə, Göyçə gölünün sahilindəki gözəl Dərə kəndinə qayıdandan az sonra, atası Hüseyin babamla, anası Qüdrət nənəmlə sağollaşıb Bakıya yollanıb. Sənəd­lərini universitetin hüquq fakültəsinə verib və bütün qalan ömrünü insanların yaşamaq hüququnu, əmin-amanlığı, haqq-ədaləti qoru­maq üçün cinayətkarlıqla mübarizə işinə həsr edib. 
 
1950-ci ildə ilk təyinatla Ağdam rayonun­da prokuror köməkçisi işlədikdən bir il son­ra Şuşanın prokuroru vəzifəsinə təyin edilib (yeri gəlmişkən, mən də həmin vaxt Şuşada doğulmuşam). Sistemin qaydalarına görə hər üç-beş ildən bir iş yeri dəyişdirilib, müxtəlif bölgələrdə müstəntiq, prokuror vəzifələrində çalışıb. Ailəsini, beş uşağını, evinin iki cüt bir tək əşyasını, bir neçə dəst yorğan-döşəyini müharibədən sonrakı Sovetlərin sınıq-salxaq “poluturka” yük maşınına yığıb özü ilə o ra­yondan-bu rayona, o şəhərdən-bu şəhərə apa­rıb. Qarabağda Ağdam rayon prokurorunun köməkçisi (1950-51) və Şuşanın prokuroru (1951-54) işlədikdən sonra, Qubadlıda (1954-55), Zəngilanda (1955-57), Zaqatalada (1957-62), Lənkəranda (1962-66), Bakıda (1966-77) xidmətini davam etdirib. 
 
İstintaqçı kimi böyük təcrübəyə, biliyə və əlbəttə, peşə intuisiyasına malik Əli Məhər­rəmov 1966-cı ildə Respublika Prokurorlu­ğunda (indi Baş Prokurorluq adlanır) mühüm işlər müstəntiqi vəzifəsinə irəli çəkilib. Zona prokuroru olub. 1975-ci ildə zəngin həyat və fəaliyyətini nəzərə alan respublika rəhbərliyi­nin tövsiyəsi ilə Ali Məhkəmənin üzvü seçi­lib. Uzun illər hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə dəfələrlə Respubli­ka Prokurorluğunun yüksək mükafatlarına la­yiq görülüb, cinayətkarlığa qarşı mübarizədə xüsusilə fərqləndiyinə görə Azərbaycan Res­publikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub və... 
 
...Və qarşısında daha geniş xidməti inki­şaf üfüqləri açıldığı bir dönəmdə, 1977-ci ilin oktyabrında 53 yaşında “qəflətən ürək tutma­sından” vəfat edib. Qəflətən!..
 
Qəflətənmi?... 
 
***
 
...Atamın işi ilə bağlı bizim evdə həmişə çoxlu kitablar, sənədlər, fotolar, protokollar, ekspert rəyləri, qəzet-jurnal topaları olardı. Yaşadığımız yerlərdə darısqallıq ucbatından nəinki ayrıca iş otağı, hətta yazı masası belə olmayan atamız gündüzlər idarədəki kabi­netində, gecələrsə evdəki yemək masasının arxasında işləyərdi. İşi həddindən çox olurdu, hətta bitib-tükənmək bilmirdi; rəsmi sovet təbliğatı etiraf etməsə də, ölkədə cinayət-ci­nayətə calanırdı. Hər bölgədə, hər kənddə, şəhərdə irili-xırdalı kriminal hadisələrin sa­yı-hesabı yox idi. Ən ağır, məsuliyyətli işləri gərgin zəhmət bahasına araşdırıb sistemləş­dirən, cinayətin motivini şərh edən, cinayət­karı müəyyənləşdirən, haqlını haqsızdan ayıran, əyri əmələ hökm çıxaran atamızın əlyazmalarına, dəstə-dəstə rəngbərəng qələm­lərinə (qələm – onun ən çox sevdiyi və ən çox topladığı dünya malı idi) təbii, biz uşaqların əl vurması yasaq idi. Bəlkə də kimlər üçünsə uzaq, sirli aləm olan cinayət işlərinin araşdı­rılması prosesi, hadisələrin məntiqi ardıcıl­lıqla çözülüb açılma mexanizmi bizim üçün atamızın gördüyü gündəlik adi işi idi. 
 
O vaxtlar təsadüfən gözümüzə sataşan, amma xüsusi məhəl qoymadan keçib get­diyimiz həmin işləri, fotoşəkilləri indi yada saldıqca, gözümün önündə fraqmentlər bir-bir işıqlanır: ...yandırılmış bazar piştaxtaları, ...dağıdılmış mağaza vitrinləri, ...talan edilmiş anbarlar, ...başı-qolu-qıçı doğranıb çamadana yığılmış bədən, ...sifəti kislota turşusu ilə ey­bəcər hala salınmış körpə, ...maşının altında qalıb əzilmiş meyit, ...güllə ilə deşik-deşik edilmiş kişi, ...xəncərlə doğranmış qadın, ...ağacdan asılmış qız, ...çayda boğulmuş oğ­lan... 
 
60-cı illərin dərsdən başqa bir “əylən­cəsi” olmayan internetsiz, kompütersiz, te­levizorsuz, maqnitofonsuz biz uşaqlar üçün ciddi əhəmiyyət kəsb etməyən bu sənədlərin hər biri bir insan aqibəti idi. Və bu insanların həyat hekayətini, taleyini atamız bir əlində qələm, bir əlində siqaret daim düşünür, araş­dırır, yazır, qiymətləndirir, sübutlar toplayır, qərar verirdi. Biz isə o şəkilləri görəndə nə in­diki kimi dünyanın faniliyi, nə insanların vəh­şiliyi, nə ədalətin varlığı-yoxluğu, nə cinayət­karın cəzası barədə düşünərdik. Biz sadəcə ötüb keçər və bütün yaşıdlarımız kimi ata-ana himayəsində dünyanın pisliklərindən xəbərsiz xoşbəxt uşaqlığımızı yaşayardıq...
 
Atamın şəxsi arxivində çoxlu belə mate­riallar, əlyazmalar, sənədlər, qeydlər, maraqlı (əslində dəhşətli) hadisələrin təsviri, fotolar, çoxlu dəftər-kitab, qəzet-jurnal kəsikləri var­dı. Ömrünün sonlarında (kimin ağlına gələr­di ki, bu - sondur!) tez-tez deyərdi: indi işim çoxdur, vaxtım yoxdur, inşallah pensiyaya çıxanda bu qeydlərdən yaxşı bir roman yaza­cam... 
 
Təəssüf, atamız pensiyaya çıxa bilmədi. 
 
***
 
Uzaq uşaqlıq dövründə atamın yanında gördüyüm hüquqşünaslar nəsli yaddaşımda mərd, qorxmaz, gözütox, ağayana kişilər kimi qalıb. Məmməd, Yelmar, Şükür, Rəşid, Hacə­li, Ramazan, Yaqub... Məsul vəzifə daşıyıcı­ları olan həmin prokurorluq, polis, məhkəmə işçilərini heç vaxt qaşqabaqlı, qəzəbli, əsəbi vəziyyətdə, özünü əhəmiyyətli şəxs kimi göstərmək üçün sifətinə “zəhmli” görkəm verdiyi halda görməzdik. Əksinə, onlar hə­mişə gülərüz, zarafatçıl, deyib-gülən, nikbin adamlar idi. İstirahət saatlarında, gəzintidə, məclislərdə çoxlu maraqlı söhbətlər edər, yeyib-içər, danışıb-gülərdilər. Öz praktikala­rından maraqlı hadisələr danışar, bir-birinin apardığı istintaq işlərini müzakirə edər və bu zaman onlar da “hamı kimi” adi, sadə, zəhm­siz-filansız gözəl azərbaycanlı kişiləri olaraq qalardılar. Əlbəttə, onların öz dünyaları, hə­yata baxışları, anlayışları, heç kəsə bəlli ol­mayan şərti işarələri, danışıq kodları da vardı. Öz aralarında deyib güldükləri lətifələri başa düşmək, duzunun, məzəsinin nədə olduğunu anlamaq asan deyildi. 
 
Bu peşəkar dövlət qulluqçuları dünyanın incəliklərini, təbiətin gözəlliklərini həssaslıq­la duyan, qiymətləndirən, həyata fəlsəfi müna­sibət bəsləyən zərif, kövrək qəlbli mükəmməl şəxslər idi. Onlar mərdliyi, cəsarəti, hünəri görk üçün göstərmirdilər. Onların bəlkə də hər anı, günü risqlər altında, təhlükə qarşısın­da keçirdi (nahaq yerə dövlət bu peşə sahib­lərinə silah gəzdirmək səlahiyyəti vermir!). Çox vaxt da hüquq-mühafizə sistemində ça­lışanların mərdliyindən, mətanətindən, hətta qəhrəmanlığından nəinki sağlığında, bəlkə heç vaxt heç kimin xəbəri olmur. Çünki onlar öz xidməti vəzifə borclarını təmkinlə, layiqin­cə, sakit və reklamsız-afişasız yerinə yetirir­lər. Bəlkə də hansısa xidməti fəaliyyət zamanı onlar kimisə məzəmmət edir, sərt davranır, əsəbiləşir. Amma bu, ancaq iş naminə, xalq, dövlət naminə, ədalətin bərpası naminə ola bilərdi və şəxsi-qərəzə, kinə çevrilməzdi. 
 
Məhkəmə zalında ittihamçı prokurorun sərt, “amansız” nitqi, “zalım” hakimin qəra­rı, ağır hökmü çoxlarını (əsasən də maraqlı tərəfi) lərzəyə salır, heyrətləndirir və talelər həll edən bu “qəddar adamlara” kənardan baxıb deyinirlər. Ancaq mahiyyətə varanda hüquq-mühafizə işçilərinin bir növ cəmiy­yətin cərrahları olduğu bilinər. Cərrahiyyə əməliyyatı ağrısız, acısız, qansız, əziyyətsiz keçməz. Cəmiyyətdəki xəstəliyin profilak­tikası, sağlamlaşdırılması naminə çalışan adamların fəaliyyətini hirslə, hikkəylə, acıqla yox, anlayışla qiymətləndirmək doğru olar. Bəzən öz doğmalarına lazımi qədər diqqət, qayğı göstərməyə imkan tapmayan hüquqşü­naslar dövlətin tapşırıqlarını sözsüz icra edir, gecəni-gündüzə qatıb qanun pozucularını aş­kara çıxarır, zərərsizləşdirir, ictimai dinclik, əmin-amanlıq naminə cəmiyyətdən təcrid edirlər.
 
***
 
Mehriban bir kollektiv kimi yaşayıb-iş­ləyən o hüquqşünasların həyat yoldaşları – bi­zim analarımız da, necə deyərlər, ərləri ilə eyni havanı udan, eyni ruhda yaşayan dəyanətli qa­dınlar idi. Onlar meşşan təsəvvürlərdən uzaq sadə həyatı, uca amalları, mənəviyyatı üstün tuturdular. Klassik azərbaycanlı ailələrinin bu ləyaqətli xanımları xoş gündə də, dar gündə də mərd-mərdanə ərlərinin yanında olur, ki­şilərin peşələrinin ağırlığını, xidmətlərinin məsuliyyətini, vəzifələrinin mühümlüyünü dərk edərək daim ailədə, məişətdə rahatlıq, dinclik qayğısına qalırdılar. Ev işləri ilə ya­naşı, təbii, uşaqların da bütün təlim-tərbiyəsi, təhsili, istirahəti, yemək, geymək qayğıları anaların çiynində idi.
 
Adətən kiminsə evinə axşam saat on bir­dən sonra zəng gələndə hamı təşvişlə, həyə­canla telefona, qapıya qaçır ki, görən nolub? Bizim evimizdə isə gecə zəngləri adi hal idi. Gecə saat 3-də, səhər saat 5-də zəng gəlirdi, atam kiminləsə astadan qırıq-qırıq danışır, sonra cəld qalxıb geyinir, silahı belinə bağla­yıb tələm-tələsik çıxırdı. Beləcə bizə bivaxt zəng gələndə, gecə qapımız döyüləndə, kan­darda milis nəfəri görünəndə hamımız, beş uşağın beşi də bilirdik ki, yenə hardasa ci­nayət baş verib, atamı hadisə yerinə çağırırlar, arxasınca maşın göndəriblər... O gedəndən sonra biz sakitcə yıxılıb yatırdıq. Anamızsa səhəri dirigözlü açırdı... 
 
Bir də oyanırdıq ki, artıq səhərdir, atamız indicə gəlib, yuyunur və arada hadisəni qısa­ca anama nəql edir: “...meyidi tapa bilmədik, təkcə meşədən qanlı bir dəhrə tapmışıq...”; “...yeyinti izini itirmək üçün məncə obyektə bazarkom özü od vurub, qolunda təzə sıyrıntı yeri gördüm, güman ki divardan aşıb qaçan­da olub...”; “...kişini tutduq, dindirmə zamanı birdən başladı ağlamağa ki, uşağı yerə yıxan­da uşaq biləyimdən yapışıb dedi – dədə, mə­nim başımı xıx eləyirsən?...” 
 
Bəli, məsul işlər heç vaxt yüngül başa gəl­mir. Məsul işlər məsuliyyətli insanların ömrü­nü, həyatını aparır...
 
***
 
Humanizm amalı qanında olan atam haqqı, ədaləti, qanunları təkcə sakit kabinet­də, məhkəmə, prokuratura divarları arasın­da, səlahiyyət kreslosunda yox, ən adi ev, ailə-məişət şəraitində, qohum, dost yanında, ictimaiyyət arasında da qoruyurdu. Onun adil mahiyyətinə, ədalətli düşüncə tərzinə dair bəlkə də kiməsə xırda, əhəmiyyətsiz gö­rünəcək bir misal çəkim. Bir dəfə makinaçı qız sözün birində eyni hərfi iki dəfə dalbadal yazmışdı (“canni”) və mən dərhal kamil sa­vad nümayişi olaraq “n” hərfinin birini, daha doğrusu birincisini qələmlə pozmaq istəyəndə atam əlimi tutub saxladı. Dedi birincini yox, ikincini poz. Təəccübləndim, nə fərqi var de­dim. Dedi fərqi ondadır ki, birinci “n” hərfi növbəsinə görə öz yerində, öz sırasındadır, onun günahı yoxdur, pozmaq insafsızlıq olar; burda səhv düşən, yerində olmayan ikinci “n” hərfidir, onu pozmaq lazımdır... Bu kiçik detalda böyük hüquqşünas vərdişi, ədalətli təfəkkür tərzi, miqyasından asılı olmayaraq həyata, hadisələrə həssas insani münasibət, haqsızlığa etiraz, insaf, vicdan, düşüncə sa­yıqlığı var idi. 
 
***
 
Ali Məhkəmənin hakimi işləyəndə bir dəfə uzaq bölgələrin birindən ezamiyyətdən qayıtmışdı. Orada ictimaiyyətin iştirakı ilə bir cinayət işinin səyyar məhkəmə prosesini keçirmişdi. Cinayətkar narkotik maddə qəbul edərək beyni dumanlanmış, qoşalülə tüfən­gi götürüb küçəyə çıxmış və həyət-bacada, balkonda, damda gördüyü bütün adamları səbəbsiz yerə gülləyə tutmuşdu; nəticədə üç günahsız adam ölmüş, bir neçəsi ağır yara­lamış, şikəst qalmışdı... Atam danışırdı ki, ağzına qədər dolu salonda dövlət ittihamçı­sının tələb etdiyi ən yüksək cəza hökmünü təsdiqləyib elan edəndə, birdən gözüm cani­nin ön cərgələrdə oturmuş anasına sataşdı. Öz anam Qüdrət xanım yadıma düşdü, onun kimi yaşmaqlanıb susmuşdu, əli qoynunda gözlərini barmaqlıqlar arxasındakı oğluna dikib qupquru qurumuşdu. Hiss elədim ki, ürəyində yana-yana “Oğul, oğul, ay oğul...” – deyə fəryad edir. Dönüb qatilə baxdım; dünya vecinə deyildi... Duruxdum. Hökm vərəqi tu­tan əllərim əsdi, bütün bədənim titrədi, məni soyuq tər basdı. Ürəyim az qalırdı çırpınıb yerindən çıxsın... Nəhayət, özümü ələ alıb günahsız ölən, yaralanan, şikəst qalan adam­ların aqibətini düşünə-düşünə birtəhər hökmü elan elədim... (Yəqin bu zaman zaldakılardan kimlərsə onu “qəddar”, “zalım”, “daşürəkli” də adlandırırmış.) 
 
***
 
Budur, 1924-cü il aprelin 12-də qədim Oğuz yurdu füsunkar Göyçədə dünyaya gələn və qısa ömür yolunda öz işi, peşəsi, fəaliyyəti, xeyirxahlığı, ədaləti və insanlığı ilə bu dünyada dərin iz qoyub qəflətən dünyadan köçən görkəmli hüquqşünas Əli Məhərrəmo­vun indi 100 yaşı tamam olur. Bütün həyatı boyu elin-obanın, xalqın, yurdun təəssübünü çəkən, vətəndaşların hüququnu qoruyan son dərəcə təmiz, təmənnasız, təvazökar və zəh­mətkeş İnsan olan atamın məzar daşında həkk olunmuş bu sözlər onun taleyi idi: “Böyük qəlblər əzabı dinməz çəkər!” 
 
...Əlbəttə böyük, həssas ürəklər bir­dən-birə, qəfildən dayanmır. O dinməz-söy­ləməz, tədricən üzülüb heydən düşür. Günbə­gün, aybaay, ilbəil damla-damla içinə daman ağrılara, əzablara dözə-dözə, yaşadığı sarsın­tılara tab gətirə-gətirə sakitcə, kimsəyə bildir­mədən, inləyib-sızlamadan, şikayətlənmədən mərd-mərdanə yaşayır; ağrısa da, sıxılsa da işləyir və günlərin bir günü toplam əzabın, gərgin həyatın, ağrı-acının, qəm-kədərin yü­künə tab gətirə bilməyib susur. “Öz qövmü­nün başına əngəl-kələf olanların” (M.Ə.Sa­bir) arasında gəl də yaşa... Daha nə zərbələr dəymir ki bu həyatda həssas ürəklərə?! Ürək neyləsin?!
 
100 yaşın mübarək, böyük qəlbli İnsan! 
 
Ruhun şad olsun, Ata! 
 
Akif ƏLİ,
Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist
 
Mənbə: Xalq Qəzeti

Baxış sayı: 27881 | Tarix: 09.04.2024
Bizi Telegramda izləyin: @repostaz