Yoluxma sayının artması daha çox Ali və orta məktəblərdə müşahidə edilir. Hər gün təhsil müəssisələrində bir çox siniflər ənənəvi tədris formasını dayandıraraq distant təhsilə keçir. Bu zaman belə bir sual yaranır: Şagirdlər və tələbələr arasında yoluxma hallarının qarşısını almaq üçün nə etmək olar? Mövcud vəziyyət nə vaxta qədər davam edəcək?
Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar veriləcəyi halda ictimaiyyətə açıqlanacaq. Hələlik belə bir qərar yoxdur.
Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.
Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, "Ankara məktəbi" məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.
Bu haqda BAKU.WS-ə danışan təhsil eksperti Kamran Əsədov hələ ki yalnız yoluxma halları baş verən təhsil müəssisələrində distant təhsilə keçiriləcəyini bildirib. Ekpsert onlayn dərslərin şagirdlərdə fiziki, psixoloji problemlər yaratdığını da qeyd edib:
"Təhsil müəssisələrində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş verən təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır.
Bundan başqa onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlara səbəb olacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problemlər yaranacaq.
Mövcud şəraitlə bağlı vəziyyəti qiymətləndirərək BAKU.WS-ə açıqlama verən Tibb elmləri doktoru, professor Adil Qeybulla hazırda epidemioloji vəziyyətin pisləşməyə doğru getdiyini və bu davam edərsə, məktəblərdə əvvəl hissəli, daha sonra isə ümumi qapanmalara gediləcəyini deyib:
"Bu gün yoluxmanın gənc insanlar arasında yayılması və ölüm hallarının çoxalması narahatedici məqamdır. Yoluxma sayının artması tədrisə icazənin verilməsi ilə bağlıdır. Çünki tələbə auditoriyalarında insanlar kütləvi şəkildə ünsiyyətdə olur, bu da yoluxmanı artırır. Bütün bunlar göstərir ki, ayrı-ayrı siniflərdə yoluxmalar var. Əvvəl hissəli qapanmalara, daha sonra isə ola bilsin ki, ümumi qapanmalara gedilsin. Bu, epidemioloji vəziyyəti istiqamətləndirəcək".