Bakının Nəsimi rayonunda yerləşən Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin 7 B sinfində bir şagirddə koronavirus aşkarlansa da sinif distant təhsilə keçməyib. 

Bu barədə vətəndaşlar BAKU.WS-in “qaynar xətt”inə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, Nəsimi rayonu ərazisində Namiq Məmmədov adına 9 nömrəli məktəbin 7b sinif şagirdi Həsən İsmayılzadənin COVID-19 testi müsbət çıxıb. Şagirdin testinin pozitiv nəticəsi oktyabrın 16-da məlum olub.

Bu hadisədən sonra həmin sinfin digər şagirdlərinin də səhhətində problemlər yaranıb. Valideynlər şikayətlərində bildiriblər ki, uşaqların xəstələnməsinə baxmayaraq, təhsil müəssisəsinin rəhbərliyi sinifi bağlamayıb və dərslər hələ də ənənəvi qaydada məktəbdə davam etdirilir.

Həsən İsmayılzadənin anası İlahə İsmayılzadə BAKU.WS-ə şikayətində qeyd edib ki, övladının koronavirusa yoluxduğunu bilən kimi bu barədə məktəbə məlumat verib.

“Bu barədə oktyabrın 16-da məktəbə məlumat vermişik. Testin cavabı müsbət çıxan kimi - oktyabrın 16-da saat 16:38-də oğlumun sinif rəhbəri Aygün xanıma bu barədə bildirmişəm. Bundan başqa, Gigiyena və Epidemiologiya Mərkəzi ilə də əlaqə saxlanılıb və məlumat verilib. Qurumdan bildirdilər ki, sinif distant təhsilə keçəcək. Lakin hələ də bir tədbir görülməyib”, - deyə İlahə İsmayılzadə bildirib.

Məsələyə aydınlıq gətirmək üçün həmin məktəbin direktoru Zinət Məmmədova ilə əlaqə saxladıq. Direktor BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin şagirddə test nəticəsi müsbət çıxsa da, sinif bağlanmayıb. Çünki bu barədə qərarı Gigiyena və Epidemiologiya Mərkəzi verir.

“Məktəb rəhbərliyinin distant təhsilə keçməklə bağlı qərar verməyə ixtiyarı yoxdur. Sinfin bağlanması barədə qərarı Gigiyena və Epidemiologiya Mərkəzi verir”, - deyə Zinət Məmmədova bildirib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq. Qurumun baş direktor müavini Afaq Əliyeva BAKU.WS-ə açıqlama verdi ki, mütləq bu barədə tədbir görüləcək.

“Bu barədə Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə tapşırıq veriləcək. Mütləq məktəblə əlaqə saxlanılacaq və lazım olan tədbirlər görüləcək, - deyə Afaq Əliyeva bildirib.

Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Aybəniz Seyidli isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, şagirdin xəstələnməsi barədə məlumat onlara oktyabrın 19-da daxil olub.

“Bu barədə bizə məlumat daxil olan kimi nümayəndəmiz Kəmalə xanım həmin məktəbdə olub. Məktəb rəhbərliyinə xüsusi göstəriş olub ki, 7 B sinfində əyani dərslər dayandırılsın və sinif distant təhsilə keçsin. Əgər bu qərara əməl edilməyibsə, burada günah məktəb rəhbərliyindədir. Yəqin ki, anlaşılmazlıq olub”, - deyə Aybəniz Seyidli bildirib.

Qurum rəsmisi xüsusi göstəriş verərək həmin məktəbin direktoru ilə əlaqə saxladı və tapşırıq verdi ki, dərhal 7 B sinfində əyani dərslər dayandırılsın.

Qeyd edək ki, 9 saylı məktəbdə koronavirusa yoluxma digər siniflərdə də qeydə alınıb. Bu səbəbdən də məktəbin 8 B, 3 A, 5 C və 10 C sinifləri distant təhsilə keçib. 

Ümid edirik ki, məktəb direktorları bundan sonra işinə məsuliyyətlə yanaşacaq və rəhbərlik etdiyi məktəbin şagirdlərinin həyatını təhlükəyə atmayacaq.


Baxış sayı: 3333 | Tarix: 22.10.2021
Bizi Telegramda izləyin: @repostaz