Milli Məclisdə Amnistiya Aktı qəbul olunacaq.
RePost.Az xəbər verir ki, Prezident İlham Əliyevin imzası ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qanunverici orqana daxil olub.
Amnistiya Aktının şamil olunacağı şəxslərin əhatə dairəsi:
Vətən müharibəsində və Azərbaycanın suverenliyinin ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına;
Vətən müharibəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar habelə digər xüsusi xidmətlərə görə Azərbaycanın orden və medalları ilə təltif olunmuş şəxslərə;
Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunan şəxslər, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşən şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olan şəxslərin yaxın qohumlarına;
Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına;
İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslərə;
Keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumlarına;
Çernobl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslərə (himayəçilik qanunvericilik nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
Qadınlar; cinayət törədərkən 18 yaşına çatmayan şəxslərə;
Bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslərə;
Bu qərar qüvvəyə mindiyi günədək 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərə;
Öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə;
Bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya şəxslərin yaxın qohumlarına.