“Qızım birinci ailə qurduğu oğlana qoşulub qaçmışdı. Sözün düzü, o uşaqdan da, ailəsindən də razıyam. Amma yoldaşı vəfat edəndən sonra heç nə deyə bilmədim. Ötən ilin dekabrında gəldi bizə. Çox qalmadı, "yenə ərə gedirəm" deyib getdi”.
RePost.Az xəbər verir ki, bu sözləri “oxu.az”a açıqlamasında İmişlidə zorlanan 11 yaşlı qızın babası H.P. (ad şərtidir) deyib. O bildirib ki, nəvəsinin başına gələn hadisədən xəbərsiz olub:
“Vallah, mənim məlumatım olmayıb. Ötən ilin dekabrında uşaqlarını da götürüb gəlmişdi kəndə. Təxminən 1-2 ay bizdə qaldı, sonra yenə ərə getdi.
Ərə getdiyi adamı da tanımırdım. Özü gəldi mənə dedi ki, "ata, belə bir adam var". "Yaxşı fikirləşmisən?" deyə soruşdum, dedi hə, ata.
Yekə adamdı, mən ona nə deyə bilərəm? Valideyn yazıq nə bilsin axı, kim necə adamdı. Mən dedim ki, gedin rəsmi nikah bağlayın, dedilər yox, bir az gözləyəcəyik. Bu da gözləməyinin axırı.
Öz elədiyini etdi, o adamla getdi İmişliyə. Birlikdə kirayədə qalırdılar. Qızım gündüz soğan yığmağa gedirdi, gecə də çörək sexində işləyirdi. Uşaqları da ərinin yanında qoyurdu. Ay xanım, əridi də, o yazıq nə bilsin, belə bir şey edə bilər.
Mən dörd qız böyütmüşəm, uşaqlarımın hamısını da gəlin köçürmüşəm. Amma bir bu qızım özü qoşulub qaçmışdı. O biri qızlarımın heç birinin ailəsində problem yoxdur. Amma bir bu qızım mənim xəbərim olmadan, razılığım olmadan bu işləri tutub.
Birinci ailəsi ilə heç bir problemimiz olmamışdı. Əgər o ailədə problem olubsa da, bilirəm ki, problem mənim qızımda olub.
Heç kimdə günah yoxdur. Nəvəmin başına gələnləri də eşidəndən bağrım çatlayır. Söz tapa bilmirəm. Mən onlara yaxın durub nə edə bilərəm? Heç nə edə bilmərəm. Uşaqla bağlı da biz heç nə edə bilmərik”.
Qeyd edək ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
Xatırladaq ki, 11 yaşlı qızın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patalogiyası şöbəsində 31-ci həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq isə vəfat edib.