Gəncə şəhərində 1956-cı il təvəllüdlü Valeh qeyri-rəsmi yaşadığı Fatmanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
 
RePost.Az “teleqraf.com”a istinadən xəbər verir ki, Valeh 3 avqust 2020-ci ildə saat 21 radələrində əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Fatmanın yaşadığı mənzildə onunla mübahisə edib.
 
Mübahisəyə səbəb Fatmanın onun barəsində qonşular arasında həqiqətə uyğun olmayan məlumatlar yayması olub.
 
Mübahisə zamanı Fatma mənzilin dəhlizinə çıxıb uca səslə üzünü binada yaşayan qonşulara tutaraq aralarındakı söhbəti kimə danışdığını aydınlaşdırmağa yönələn çağırışlar edib.
 
Valeh Fatmadan içəri keçməsini istəsə də, mübahisə daha da qızışıb. Fatma onun ünvanına və daha sonra onun ölmüş oğlunun məzarına söyüşlər söyüb.
 
Bundan əsəbiləşən Valeh Fatmanı öldürmək qərarına gəlib. O, "Ruskiy Razmer" adlı spirtli içki şüşəsi ilə Fatmanın təpə nahiyəsindən vurub.
 
Daha sonra mətbəxdən götürdüyü bıçaqla qadının qarın nahiyəsindən bir neçə dəfə vurub. Ətrafdakı insanların hadisəyə aktiv müdaxiləsi və yaralını qısa müddət ərzində xəstəxanaya çatdırması nəticəsində Fatmanın həyatı xilas olunub.
 
İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə ifadə verən Valeh ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 18 il Fatma ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb:
 
"Son vaxtlar aramızda çoxsaylı mübahisələr olurdu. Mübahisələrin səbəbi isə Fatmanın yüngül həyat tərzi keçirməsi, demək olar ki, hər gün ünvanıma nalayiq söyüşlər söyməsi olub. Avqustun 3-də evdə idim, Fatma isə qızıgilə getmişdi.
 
Saat 21 radələrində Fatma evə qayıtdı. Ondan nəyə görə barəmdə qonşuların yanında həqiqətə uyğun olmayan sözlər danışdığını soruşdum. Aramızda mübahisə yarandı".
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Fatma qonşulara guya onu 3 aylıq evə buraxdığını, evdən çıxarmaq istəsə də, çıxmaq istəmədiyini deyib:
 
"Fatma isə dəhlizə çıxıb yaxşı etdiyini, kişiyə yox, pula ehtiyacı olduğunu və pula görə kiminlə istəsə, cinsi əlaqədə olacağını söylədi. Aramızda mübahisə daha da gücləndi.
 
Fatma dəhlizdə qışqırmağa başladı. Ünvanıma və daha sonra ölmüş oğlumun məzarına söyüşlər söydü, nalayiq ifadələrlə məni evdən qovdu. Mən də oğlumun məzarına söyməsinə dözmədim. Eyvanda stolun üzərində olan "Ruski Razmer" markalı araq butulkasını və bıçağı əlimə götürdüm.
 
Fatma söyüş söyməyə davam etdiyi üçün araq butulkasını ona tərəf atdım. Həmin butulka Fatmanın başına dəydi. O, yerə yıxıldı, başı döşəməyə çırpıldı".
 
Valehin ifadəsinə görə, daha sonra Fatmanın yanına gəlib və əlində olan bıçaqla ona bir neçə dəfə vurub: "Bıçağın dəstəyi qırılaraq otağın içərisinə düşdüyü üçün zərbə vurmağı saxladım və bıçağın tiyəsini dəhlizə tulladım.
 
Həmin vaxt qonşuluqda yaşayan Mələk əlindəki çomaqla mənə tərəf gəldi. Evdən çıxdım və üzü Kəpəz rayon Polis İdarəsi istiqamətində getdim. Polis idarəsinə girdim, Fatmanı bıçaqla vurduğumu könüllü olaraq etiraf etdim və təslim oldum".
 
Valeh ifadəsinə göstərib ki, Fatmanı vurmaqda məqsədi onu öldürmək yox, mərhum oğlunun ünvanına nalayiq formada söyüşlər söyməsinə görə ona xəsarət yetirmək olub:
 
"Bıçaqla Fatmanın üzərinə getdim, onun ayaq nahiyəsinə zərbələr vurmaq istədim. Fatma ayaqları ilə müqavimət göstərdiyindən bıçaq onun qarın nahiyəsinə bıçaq dəydi. Törətdiyim əmələ görə peşmanam".
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fatmanın sözlərinə görə, Valehi 2006-cı ildə tanıyıb: "Bundan sonra Valehlə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışıq. Münasibətlərimiz həmişə yaxşı olub. Mənə yalanlar danışdığına görə təxminən 4 il olar ki, ayrılmışıq".
 
Zərərçəkmiş qeyd edib ki, avqustun 3-də qızının yaşadığı "Sevinc" qəsəbəsindən öz evinə qayıdanda Valehi evdə görüb:
 
"İçəri keçdim, Valehdən nə üçün evə gəldiyini soruşdum. Dedi ki, sən sözümü danışmısan. Mən kimə nə danışdığımı soruşdum, heç bir cavab vermədi. Evin qarşısına çıxdım, üzümü qonşulara tutaraq "mən kimə nə demişəmsə, gəlsin mənim üzümə desin" deyə səsləndim.
 
Bir az uca səslə danışdığım üçün Valeh məndən içəri keçməyi tələb etdi. Lakin içəri keçmədim, dəhlizdə dayandım. Məndən sakit danışmağımı istədi. Mən isə ona nalayiq formada evdən getməyi bildirdim.
 
Nalayiq ifadədən sonra Valeh evin eyvanına keçdi, spirtli içki şüşəsini əlinə götürərək mənə tərəf gəldi, dəhlizdə dayandığım yerdə başımın sağ tərəfindən zərbə ilə vurdu.
 
Zərbənin təsirindən yerə yıxıldım. Valeh içəri keçdi, evdən bıçağı götürərək üzərimə cumdu. Əlindəki bıçaqla mənə bir neçə dəfə zərbələr vurdu. Ayaqlarımla Valehə müqavimət göstərsəm də, zərbələrin təsirindən bir anlıq huşumu itirdim".
 
Fatmanın ifadəsinə görə, qonşuları tərəfindən xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib.
 
Qeyd edib ki, Valehin ölmüş oğluna qarşı təhqiramiz ifadə işlətməyib. Valehin hərəkətləri onu birbaşa öldürməyə yönəlib, bıçağın dəstəyinin qırılmayacağı və qonşuların kənardan müdaxilə etməyəcəyi təqdirdə Valeh onu öldürmüş olacaqdı.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
Hakim heyəti Valehin əməlini Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edib. Ona 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Baxış sayı: 5613 | Tarix: 06.12.2021
Bizi Telegramda izləyin: @repostaz