Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək orada bir sıra görüşlər keçirib.

Onun bu addımı Azərbaycanda ən yüksək səviyyədə etiraza səbəb olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Milanov kimdir? Milanov Qarabağda “rus icması” planının aparıcı fiqurlarından biridir. Ermənipərəst mövqeyi ilə tanınan Milanov bundan əvvəl də dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxışlar edib.

Əslində Milanovun Qarabağda “rus icması” oyunu Rusiyanın Qarabağda möhkəmlənməsi üçün yeni planıdır. Sual oluna bilər, Rusiya nəyə görə birdən birə Qarabağda “rus icması” planını işə salır?

10 noyabr sazişi, o cümlədən istər Rusyada, istərsə də Avropada keçirilən üçtərəfli görüşlərdə əldə olunan razılığa əsasən Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demorkasiya prosesi başladılmalıdır. Bundan sonra Ermənistan Qarabağ məsələsində avtomatik olaraq oyundan kənar vəziyyətə düşür və Qarabağın Azərbaycanın daxili işi olduğunu rəsmən qəbul etmiş olur. Bununla bağlı artıq Ermənistan baş nazirinin dəfələrlə çıxışları da olub. Qarabağın status məsələsinin Azərbaycanın konstitiusiyası çərçivəsində həll olunmalı məsələ olduğunu bəyan edib. Belə vəziyyətdə Rusiya sülhməramlılarının Qarabağda qalma məsələsi də ancaq Azərbaycandan asılı olacaq. Ona görə də Rusiya sülhməramlı adı ilə də olsa Qarabağda qalmaq üçün yeni zəmin hazırlayır. Bu da oradakı ruslar ola bilər. Əliyev isə öz məktubu ilə əslində bu plandan xəbərdar olduğunu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç bir güzəştə getməyəcəyini bəyan etmiş oldu.

Bunun xəbərdalığın Qazaxıstan hadisələri fonunda edilməsi xüsusi diqqət çəkir. Bu, Əliyevin mümkün risklərə qarşı Qarabağda müəyyən gedişlər edəcəyini istisna etmir.


Baxış sayı: 5404 | Tarix: 07.01.2022
Bizi Telegramda izləyin: @repostaz