Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstan hadisələri zamanı həyata keçirdiyi "ilk missiyası"ndan Ermənistan özünün lehinə müəyyən nəticələr çıxarmaqdadır və Nikol Paşinyan hakimiyyəti, görünür eyforiyaya qapılıb.
 
Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanın Qazaxıstan hadisələrini nəzərdə tutaraq “KTMT ilk dəfə böhranlı vəziyyətə müdaxilə mexanizmlərini işə saldı... Biz ümid edirik ki, Ermənistan belə bir vəziyyətlə üzləşəcəyi təqdirdə bu cür köməyi ala biləcək” fikri belə bir təəssürat yaradırdı ki, Paşinyan hakimiyyəti gələcəkdə KTMT-dən ölkədaxili rəqiblərinə qarşı cəza mexanizmi kimi istifadə etmək planlarını cızmaqdadır. Hər halda, Paşinyan özünü komfort hiss etmir:
 
-Onun hakimiyyəti dövründə ölkədə sosial-iqtisadi vəziyyət daha da pisləşib, miqrasiya artımında son 25 ilin rekordu qeydə alınıb.
-Üzərində "məğlub baş nazir" damğası daşıyır. Son parlament seçkilərinə qalib gəlsə də, ölkə əhalisinin ən azından yarısı onun iqtidarının əleyhinədir. 
-Paşinyan "Türkiyə açılımı"nı reallaşdırma niyyətidədir və bu, "türk agenti" kimi baş nazir üzərində müxalifətin əlavə təzyiqini yaradır. 
 
Yəni, Paşinyanın rəqiblərinin onun əleyhinə istifadə edəcəyi kifayət qədər "kozır"ları var. Bu baxımdan, Paşinyan ona qarşı ölkə daxilindəki cəbhələşmənin fərqindədir və çevriliş planının icrası cəhdlərini də kifayət qədər real hesab edir. Belə olan halda, mümkün çevriliş cəhdlərində rəqiblərinə qarşı KTMT-dən istifadə etmək heç də pis olmazdı. Amma Paşinyanın barışdığı bəzi detallar var:
 
-KTMT-nin "jandarm" missiyasını harada yerinə yetirəcəyi birbaşa Kremlin istəyindən asılı məsələdir. Qazaxıstanda müstəqil siyasət aparan, Rusiyanın maraqlarına toxunan qərarlar qəbulunda həlledici rol oynayan Nursultan Nazarbayevi cəzalandırmaq lazım idi və "jandarm"ın öz işini görməsi Vladimir Putin üçün vacib idi.
-Ermənistanda isə mümkün çevriliş cəhdi zamanı vəziyyət tamam fərqli olacaq. Hakimiyyətə gəldiyindən bu yana Rusiyanı özündən çıxaran, "Qarabağ müharibəsində Rusiya Ermənistanı satdı" kimi bir tezislə anti-Moskva əhval-ruhiyyəsini gücləndirən Paşinyanı xilas etmək Putinə lazımdırmı? Cavab birmənalıdır: Yox.
-Ən önəmli məqam: Ermənkistandakı mümkün qarşıdurmada Paşinyanın əsas rəqibinin keçmiş prezident Robert Köçəryan olacağı dəqiqdir. Bu qarşıdurmada Putinin seçiminin isə Köçəryanın lehinə olacağı şübhəsizdir.
 
Paşinyan daxildə KTMT-dən yararlanmaq şansının çox kiçik olsa da, bu şansın reallaşıb-reallaşmayacağı gələcəyin məsələsidir. İndi isə görünən odur ki, erməni baş nazir şansını növbəti dəfə Azərbaycanla sərhəddə yoxlamaq fikrinə düşüb.
 
-Ermənistan yanvarın 8-də Kəlbəcər istiqamətində atəşkəsi pozdu
-Yanvarın 11-də Kəlbəcər istiqamətində növbəti təxribata əl atdı, nəticədə Ordumuz şəhid verdi. 
 
Əslində, KTMT-nin Qazaxıstana müdaxiləsindən sonra Ermənistanın sərhəddə təxribatları genişləndirəcəyi gözlənilən idi. Ermənistanın hədəfi sərhəddə vəziyyəti gərginləşdirmək, Azərbaycanın Ermənistanın ərazisinə "müdaxilə" görüntüsü yaratmaqla KTMT-nin bölgəyə gəlişi üçün zəmin hazırlamaqdır. Ermənistan buna nail olmaqla, sərhəd xəttinin müəyyən edilməsi prosesində Rusiyanın dəstəyini əldə etməklə vəziyyəti lehinə dəyişmək istəyir.
Amma bir çox amillər deməyə əsas verir ki, Ermənistanın KTMT-dən sərhəddə Azərbaycana qarşı istifadəsi cəhdləri nəticə verməyəcək:
-Ermənistanın KTMT-dən Azərbaycana qarşı istifadə cəhdləri indiyə kimi nəticəsiz qalıb.  Təşkilat İkinci Qarabağ müharibəsidə prosesə müdaxilə etmədi və "müharibə Ermənstanın ərazisində getmir" deyərək Ermənistanın ardıcıl müraciətlərini rədd etdi. Müharibədən sonra da Ermənistan sərhəd təxribatkarı zamanı KTMT-nin qapısını döydü, amma növbəti dəfə rədd edildi.
-İstər Rusiyanın, istərsə də KTMT-nin digər üzvlərinin Azərbaycanla yüksək münasibətləri var və onların heç biri Ermənistana görə, üstəlik də Ermənistanın haqsız olduğunu bildiyi halda Azərbaycanla qarşı-qarşıya gəlməz.
-Rusiyanın KTMT üzərindən Azərbaycanla qarşı-qarşıya gəlməsi II Qarabağ müharibəsindən sonrakı yeni reallıqları müəyyənləşdirən üçtərəfli anlaşmaların taleyini təhlükə altına qoyur. Rusiya isə bunda maraqlı deyil.
 
O halda ortaya belə bir sual çıxır: Paşinyan KTMT-dən Azərbaycana qarşı istifadə etmə planının uğursuzluqla nəticələnə biləcəyinin fərqində deyilmi? Sözsüz ki, Paşinyan bunun fərqindədir. Amma Paşinyanın növbəti uğursuzluqdan da yararlanmaq istəyəcəyi istisna olunmur. "Rusiya bizi yenə satdı" tezisi üzərindən yeni bir anti-rus kampaniyasının şahidi ola bilərik.
 
Paşinyanın hansısa planları da ola bilər, müəyyən oyunlar da oynamaq istəyər, Azərbaycanı KTMT ilə test etmək fikrinə də düşə bilər. Amma Sorosun uşağının unutmamalı olduğu bir şey var: Azərbaycan onu test etməyin, onunla oyun oynamağın nə qədər təhlükəli, ölümcül olduğunu Ermənistana artıq bir neçə dəfə başa salıb. Elə sonuncu təxribatı zamanı da Ermənistanın yaddaşını yeniləmək lazım oldu. Məlumata görə, əsgərlərimiz Kəlbəcər istiqamətində səkkiz nəfər düşmən hərbi qulluqçusunu məhv edib, iki postunu ğıdıb. Görünür, düşmənin yaddaşını yeniləməyin başqa yolu yoxdur... 
 
Ömər Dağlı
 

Baxış sayı: 4359 | Tarix: 12.01.2022
Bizi Telegramda izləyin: @repostaz