Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb.
RePost.Az-ın xəbərinə görə, bəyanatda bildirilib ki, Türkiyə bu gün, dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən təsis edilməsinin 30-cu ildönümünü qeyd edir.
Qeyd olunub ki, Türkiyə vaxt itirmədən Azərbaycan Respublikasını rəsmən tanıyıb və Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası Arasında Yenidən Diplomatik Əlaqələr Təsisi Haqqındakı Protokolun imzalanması ilə iki ölkə arasındakı diplomatik münasibətlər başladılıb: “Müstəqilliyini elan etməsindən sonra Azərbaycanla diplomatik münasibət quran ilk ölkə Türkiyə olub.
Aradan keçən 30 il boyunca Türkiyə, yaxşı gündə də, pis gündə də dost və qardaşı Azərbaycanın yanında olub, bunu qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsi ilə torpaqlarını işğaldan azad etməsi nəticəsində keçirdiyi böyük sevinc hissi ilə bir daha göstərib.
15 iyun 2021-ci il tarixində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə qalxan əlaqələrimizi formalaşdıra bu iradə, bundan sonra da davam edəcək.
Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz” ifadəsinə və Ümummilli Lider Heydər Əliyevin dilə gətirdiyi “Tək millət, iki dövlət” şüarına yaraşan yanaşma da budur.
Bu gün 30 il əvvələ görə çox daha güclü bir Türkiyə ilə çox daha güclü bir Azərbaycan var, iki ölkənin qardaşlığı və sıx əməkdaşlığı, ortaq bölgələrdə sülh və sabitliyin də böyük bir qarantiyası halına gəlib.
Azərbaycanla diplomatik münasibətlərimizin yenidən təsis edilməsinin 30-cu ildönümünü qeyd edərkən, gələcəyə əminliklə baxır, ortaq rifah və inkişaf yolunda birlikdə çalışma iradəmizi təsdiq edirik”.