“Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bu barədə əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim”.
RePost.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu almandilli “Zenit” jurnalına müsahibəsində jurnalist Xədicə İsmayılova deyib.
“Nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir.
600 min insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, amma o, Qarabağla bağlı haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”, - X.İsmayıl qeyd edib.
Jurnalistin sözlərinə görə, o, Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olub, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona olan maraq itib.
İsmayılova vurğulayıb ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur:
“Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.
Jurnalist iddia edir ki, “kimisə sevindirmək və ya xaricdən daha çox alqış almaq” üçün Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı inanclarından əl çəkməyə hazır deyil.
Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum Georgi Vanyan olub...
Qarabağ məsələsində müxalif jurnalist Azərbaycan rəhbərliyi ilə həmrəydir. Müsahibin guya “Azərbaycanın hakimiyyəti Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir” sitatını şərh edən İsmayılova qeyd edib:
“Münaqişə İlham Əliyevlə başlamayıb. Ən şiddətli toqquşmalar onun hakimiyyətə gəlməsindən xeyli müddət əvvəl baş verib. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Əslində, fikirləşsəniz, yalandır”.