“Bəzi Avropa ölkələrində bir sıra məhdudiyyətlər aradan qaldırılır. Hansı ki, həmin ölkələrdə vaksinləşmə 90% aparılıb. Fikrimcə, bir neçə aya Azərbaycanda da vaksinləşməni 80-90 faizə çatdıra bilsək, ölkədə bəzi məhdudiyyətləri aradan qaldırmaq olar”.
 
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
 
Deputatın sözlərinə görə, lakin hazırda məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı danışmaq tezdir: “ “Omikron” ştamı Avropada öz pik həddinə çatdı və artıq azalmağa başlayıb. Buna görə də ola bilsin ki, bəzi məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycanda da hazırda virusa yoluxma pik həddə çatıb və yəqin ki, qısa müddətdə azalmalar müşahidə olunacaq.
 
Yoluxma sayının pik həddə çatması ilə əlaqədar bəlkə də müəyyən lokal məhdudiyyətlər tətbiq oluna bilər. Uşaq bağçaları, bəzi məktəblər, bəzi müəssisələr bağlana bilər. Fevraldan sonra əgər virusun başqa bir ştamı meydana gəlməsə və vaksinasiya prosesi mütəmadi davam etsə, mart ayından Azərbaycanda da bəzi məhdudiyyətlər aradan qaldırıla bilər.
 
Qeyd edim ki, dekabr ayının sonlarında Operativ Qərargah bəzi məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar qərar verdi və hazırda vətəndaşlarımız həmin imkanlardan istifadə edirlər. Daha çox məhdudiyyətlərin aradan qaldırılması infeksiyanın yayılma sürətindən və vaksinasiyaya cəlbolunmadan asılı olacaq”.

Baxış sayı: 4492 | Tarix: 04.02.2022
Bizi Telegramda izləyin: @repostaz