Azərbaycan vətəndaşlarının təxliyəsi üçün nəzərdə tutulmuş qatar Kiyevdən Mogilyov-Podolsk şəhərinə yola düşüb.
 
Bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) bildirib.
 
Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçirilib. Qatarla 1100 Azərbaycan vətəndaşı yola salınıb.
 
Qeyd edək ki, dünən Ukrayna Azərbaycanlıları Radası Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılması ilə bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib. Ukraynanın müvafiq dövlət qurumları Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1200 nəfərlik qatar ayrılmasına qərar verib.
 
Dünən Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda isə bildirilib ki, 2 mart 2022-ci il tarixində saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək. Qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb.

Baxış sayı: 4302 | Tarix: 02.03.2022
Bizi Telegramda izləyin: @repostaz