“Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail olmuşdur”.
RePost.Az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.
O qeyd edib ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilmişdir, yəni, 2,2 faiz artıq, 3,4 faizin əvəzinə 5,6 faiz. Bu ildə də biz bu tendensiyanın davamını görürük. Həmin bu müsbət meyillər dövlət büdcəsinin cari ilin birinci rübündəki göstəricilərində də özünü büruzə vermişdir. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil etmişdir.
Onu da qeyd etmək istərdim ki, daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə 236 milyon manat və yaxud 23,7 faiz üstələməklə icra edilmişdir. Sosial sığorta haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra təmin edilmişdi. Qeyd etməliyəm ki, Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil etmişdir. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunmuşdur, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi.
- Möhtərəm cənab Prezident, onu da qeyd etməliyəm ki, birinci rüb üzrə büdcənin xərclərinin icrası adətən o qədər yüksək olmur. Amma cari ildə bu, 99 faiz olmuşdur. Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu, olduqca gözəl bir göstəricidir. Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5 milyard 630 milyon manat və yaxud 99 faiz icra edilmişdir. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunmuşdur və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapmışdır.
Qarabağın yenidən qurulmasına 2,2 milyard manat ayrılıb
Qeyd etmək istərdim ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınızın icrası təmin olunmuşdur.
Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılmışdır. Bu da kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır. Büdcənin icrası ilə bağlı bu qədər.
Prezident İlham Əliyev: Aydındır. İndi xarici dövlət borcumuzun gələcək parametri ilə bağlı məlumat verin. Çünki mən qeyd etdim ki, strategiya var və uğurla icra edilir. 12,5 faiz o rəqəmdir ki, hər bir ölkə bu rəqəmlə fəxr edə bilər. Amma bilirsiniz, mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizindən çox olmasın. Yəni, biz buna yaxınlaşırıq. Bununla paralel olaraq, biz, əlbəttə, kreditlər də götürməliyik, bundan tam imtina etməməliyik. Ona görə, builki vəziyyət haqqında məlumat verin. Bu il dövlət büdcəsində xarici borcun qaytarılmasına nə qədər vəsait nəzərdə tutulur, təxminən nə qədər kredit alınacaq və növbəti illər üçün strategiyanın qısamüddətli parametrləri nədən ibarət olacaq? Bu barədə məlumat verin.
Samir Şərifov: Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, Sizin 2018-ci il 24 avqust tarixli Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın icrası davam etdirilməkdədir. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 10 faizə çatdırılması istiqamətində Sizin qarşımızda qoyduğunuz işlər davam etdirilir. Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun, yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici valyutada ifadə edilmiş borcun məhz Siz dediyiniz həmin istiqamət nəzərə alınmaqla tədricən azaldılması və eyni zamanda, daxili dövlət borcunun xüsusi çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94 faiz idi, yəni, 94 faiz xarici dövlət borcunun payına düşürdü. Hazırda isə bu, 82 faizə endirilmişdir. Bu da onunla bağlıdır ki, daxili borcun xüsusi çəkisi artmışdır. Daxili dövlət borcunun, yəni, daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul edildiyi müddət ərzində həmin borc bazarda 3,2 faiz artmışdır. Hazırda 2,5 milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.
Şübhəsiz ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcəkdir.
Möhtərəm cənab Prezident, Sizin bu yaxınlarda imzaladığınız Sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20 faizi səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10 faizə endirilməsi nəzərdə tutulub.
Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə borc götürəcəyik. Möhtərəm cənab Prezident, eyni zamanda, Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub.
Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim ki, bizim bugünkü ümumi daxili məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi tərəfindən mart ayında bizə artıq yeni ortamüddətli proqnozlar təqdim edilmişdir. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə əlavə imkanlarımız ola bilər.
Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə - Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdırlar. Burada, belə desək, “top bizim tərəfdədir”. Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik.
Prezident İlham Əliyev: Burada hədəflər aydındır. Mən də bir daha demək istəyirəm, xarici borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirməliyik. Buna yaxınlaşmaq üçün siz gərək təkliflər verəsiniz, biz nə qədər almalıyıq və nə qədər qaytarmaq məcburiyyətindəyik. Avropa İttifaqının kredit vermə təklifləri, əlbəttə ki, müsbət haldır. Çünki bildiyiniz kimi, müharibə başa çatandan sonra Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Əlbəttə ki, biz buna səssiz qala bilməzdik. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq, eyni zamanda, mən o təkliflərə də baxdım. Elə layihələr var ki, o layihələri biz borc götürmədən icra edə bilərik, təbii ki. Ancaq bununla yanaşı, bizim istəyimiz və ədalətli mövqeyimiz ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə təklif edilməlidir. Biz bundan istifadə edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir. Ancaq yanaşma eyni olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda dağıntılara məruz qalmış bir koma da yoxdur. Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Mən bunu heç vaxt kənara qoya bilmərəm. Ona görə bu da nəzərə alınmalıdır. O ki qaldı, aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımıza, mən bilirəm ki, bu yaxınlarda Dünya Bankının missiyası gəlmişdi. Mənə Baş nazir məruzə etmişdi. Onların təklifləri var. Əlbəttə ki, ənənəvi tərəfdaşlarımız Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı. Avropa İnvestisiya Bankı nisbətən təzə gəlib Azərbaycan bazarına. Birinci onların layihəsi qaz infrastrukturu ilə bağlı idi. Bir də Asiya İnfrastruktur və İnkişaf Bankı ilə də bizim əlaqələrimiz inkişaf edir. Biz o ölkələrdənik ki, bu bankın təsisçisi kimi iştirak etmişik və səhmdarıq orada. Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə qurumları ilə işləməliyik. Sadəcə olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik ki, daha da çox borc götürək, az götürək, çox qaytaraq, az qaytaraq. İndi siz buna baxın və təkliflər verin.
Xarici borcla bağlı başqa hansısa fikirlər var, məlumat vermək istəyən var? Buyur.
Samir Şərifov: Möhtərəm cənab Prezident, mən təkcə bir şeyi qeyd etmək istərdim ki, Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik.
Prezident İlham Əliyev: Yəni, güzəştli şərtlər.
Samir Şərifov: Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər.
Prezident İlham Əliyev: Ondan istifadə etməliyik.
Samir Şərifov: Bəli. Siz tamamilə düzgün qeyd etdiyiniz kimi, bu şərtlər çərçivəsində bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik.
Prezident İlham Əliyev: Bir də dünyanın aparıcı maliyyə qurumları özəl sektora da kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ ayıra bilərlər. Onlarla təmaslar əsnasında bu məsələ həmişə müzakirə edilməlidir. Çünki mən bilirəm ki, misal üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisinə də aparıcı maliyyə qurumları kredit ayırırlar. Bizə yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir. Düzdür, bizim özümüzün mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir. Ancaq burada özəl sektora, misal üçün, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin verilməsinə mütləq baxmaq lazımdır.
Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır.
Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? İqtisadiyyat naziri məlumat versin.
İqtisadiyyat naziri Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, bu istiqamətdə Sizin müvafiq tapşırıqlarınıza və hökumət tərəfindən verilən müvafiq qərarlara uyğun olaraq, biz müvafiq strukturlarla birlikdə fəaliyyətimizi əlaqəli şəkildə qurmuşuq. Bu fəaliyyət üç istiqamətdən ibarətdir. Birincisi, daimi monitorinq mexanizmləri mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edirik. İkinci istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə bilsin.
Nəhayət, üçüncü istiqamət sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da dövlət tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Xüsusilə mən ən son məlumat olaraq vurğulamaq istəyirəm ki, Baş nazirin 5 aprel tarixli müvafiq tapşırığına uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi ayrılması istiqamətində və həmçinin strateji ərzaq məhsullarının pandemiya dövründə uğurla istifadə olunan mexanizmi Sizin müvafiq tapşırığınıza uyğun olaraq xatırlayarsınız ki, bir sıra sahibkarlıq subyektlərinin kredit borclarının, faizlərinin ödənilməsində dövlət subsidiyaları ayrılmışdı və analoji mexanizmdən istifadə edərək biz bunu edirik. Bunun məntiqi nədən ibarətdir? Aşağıdakı kimidir: daimi ehtiyatları təmin etmək məqsədilə sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının artırılması tələb olunur. Bu da öz növbəsində onlar tərəfindən daha çox dövriyyə kapitalına ehtiyac yaranır. Biz belə çevik mexanizmlərlə işləyirik ki, bir tərəfdən sahibkarların maraqlarına toxunulmasın, digər tərəfdən dövlət qarşısında duran vəzifələr tam həcmdə yerinə yetirilsin.
Möhtərəm cənab Prezident, sualınızla bağlı son olaraq onu da qeyd etmək istəyirəm ki, 2020-ci ilin əvvəlində, pandemiyanın ilk günlərindən biz əsas təchizatçı ölkələrin bir çoxunda məhsul ixracının qadağan olunmasını, ərzaq məhsullarında bəzi malların olmamasını digər ölkələrdə müşahidə etmişik. Azərbaycanda istər o dövrdə, istərsə də, indiki dövrdə bu istiqamətdə hesab edirik ki, qənaətbəxş nəticələr əldə olunubdur.
Müvafiq tapşırıqlarınıza və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri təbii ki, başqa bir prioritetimizdir. Bununla bağlı antiinflyasiya tədbirləri haqqında imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir. Bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq.
Məruzə etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata keçiririk.
İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim.
İnflyasiya 18 faizə qalxıb
Prezident İlham Əliyev: Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir. Ərzaq təminatı ilə bağlı sənin bir sözün var?
Qiymətlərin şişirdilməsi və sui-istifadə halları var
Baş nazir Əli Əsədov: İnflyasiyanı iki hissəyə bölmək olar. Yəni, söylədiyiniz 18 faiz ərzaq inflyasiyasıdır. Ümumi inflyasiyamızın göstəricisi üç ay ərzində 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır. Bunun səbəbini də Sizin tərəfinizdən verilən tapşırığa uyğun olaraq iqtisadiyyat naziri ardıcıllıqla dedi. Siz o məqamı ki, dediniz, bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var. İlin əvvəlindən, biz subsidiyaları çörək üçün saxlayan dövrdə xalq arasında “zavod çörəyi” deyilən çörəklərin 5 qəpik artırılan qiymətlərindən sonrakı proseslər monitorinq olundu və indiyə qədər davam etdirilir və sahibkarlar da bunu bilir. Bu proseslər ciddi şəkildə nəzarətdədir. Ehtiyatlarla əlaqədar iki vacib məqamı icazənizlə qeyd edim.
Hələ pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq Sizin tapşırığınızla bu proseslər əsasən, ərzaq məhsulları və digər defisit məhsullar, o cümlədən respublikanın dərmanlar və tibb ləvazimatları ilə təchiz olunması istiqamətlərində aparıldı. İctimaiyyət də bilir, cənab Prezident, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə qaldırıldı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada foksda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq. Siz bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə əkini dediniz və bizim digər böyük təsərrüfatlarda da bu iş gedir.
Cənab Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə monitorinq aparılır, əsasən də minimum istehlak bazarına daxil olan, əhali tərəfindən gündəlik istifadə olunan 12 əsas məhsulun həm qiymət baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün elə bir dövr gəlib ki, ölkələrin çoxu ancaq özlərinin təminatı ilə ilk prioritet edirlər. Bunları nəzərə alaraq, biz də, ilk növbədə, öz daxili ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar varsa, onlara ixrac verirlər və sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə əsasən beş gün ərzində operativ qaydada bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var.
Ərzaqlıq buğdanın istehsalını artırmalıyıq
Prezident İlham Əliyev: Aydındır. Bu məsələ ilə bağlı danışarkən, biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır.
Şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin sayı artır
Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri məlumat versin, bu işlər nə yerdədir və ilin sonuna qədər hansı işlərin görülməsi nəzərdə tutulur?
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev: Möhtərəm cənab Prezident, Sizin ali rəhbərliyiniz ilə Azərbaycan Ordusunun Qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını itirən şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi idi. Bu istiqamətdə Sizin tapşırıqlarınıza uyğun olaraq tədbirlər bir neçə sahə üzrə aparılmışdır. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur. Burada həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranları da əhatə edilmişdir. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Sizin müvafiq fərman, sərəncamlarınızla 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 60 faizədək artırılmışdır. Bu ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər də 60 faizədək artırılmışdır. Ümumilikdə qeyd etdiyim kimi, 93 min şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur.
11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülüb
Digər bir istiqamət məşğulluq sahəsinə dəstək tədbirləri olmuşdur. Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülmüşdür. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki, burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir. Bu proqramın ən önəmli istiqamətlərindən biri Sizin vurğuladığınız kimi, mənzil təminatı məsələləri idi. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir.
Cənab Prezident, xüsusi olaraq vurğulayım ki, son üç il ərzində Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir.
Digər bir istiqamət də reabilitasiya məsələləri idi. Bu çərçivədə müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq, müharibədə yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim olunub. Bu proses də uğurla icra olunur və davamlı şəkildə həyata keçiriləcəkdir. Ümumiyyətlə, Vətən müharibəsində iştirak edib əzalarını itirən cəmi 6 qazimiz qalıb ki, onlar protezlə təmin olunmayıblar. Bunun da səbəbi onların müalicə proqramıdır. Çünki müalicənin müəyyən bir nöqtəsindən sonra məhz protezləşməyə təqdim oluna bilərlər. Bu sahədə işlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün ötən ilin yayında Sizin verdiyiniz Fərmana uyğun olaraq, avqust ayından etibarən Vahid Əlaqələndirmə mərkəzləri yaradılmağa başlandı - həm DOST mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında. Bu günə artıq Bakı şəhəri və 33 rayonumuz Vahid Əlaqələndirmə Mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq. Ümumiyyətlə, ötən 6 aylıq dövr ərzində bu mərkəzlərdə 26 min vətəndaşımız - şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib və onlara 6 müxtəlif mərkəzi icra hakimiyyəti orqanının və yerli icra hakimiyyəti orqanlarının göstərdiyi 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur.