Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı məlumat yayıb. Nazirliyin təşəbbüsü ilə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 3000 diaqnostik test artıq ölkəmizdədir.
 
Bəs görəsən, meymunçiçəyi virusunda testin götürülməsi prosesi nə cür aparılacaq? Bunun üçün vətəndaşdan ödəniş alınacaqmı? Narahatlıq hiss edən şəxslər hara müraciət etməlidir?
 
Bu barədə BAKU.WS-in suallarını cavablandıran Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev deyir ki, ölkəyə gətirilən meymunçiçəyi testlərinin götürülməsi dövlət tibb müəssisələrində pulsuz olacaq:
 
“Səhhətində narahatlıq hiss edən vətəndaş əvvəlcə həkimə müraciət etməlidir. Əgər həkim məsləhət bilərsə, bu zaman ondan test götürüləcək. “Həmin adamlar ancaq şübhəli hal olduqda yoxlanılacaq. Xəstəliyin simptomları səpkilərlə müşayiət edildiyindən kiminsə qızdırması olsa, o gedib meymunçiçəyindən test verdirməməlidir”.
 
“Testlərdən özəl klinikalarda da yararlana biləcəyikmi?” sualına gəldikdə isə müsahibimiz deyir ki, bu iş özəl tibb müəssisələrinin öz öhdəliyindədir. Hazırkı testləri dövlət gətirib və onlar Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə verilib.

Baxış sayı: 5632 | Tarix: 05.07.2022
Bizi Telegramda izləyin: @repostaz