Xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti dəyişdirilib.
“Aİ-98” super markalı benzinin qiyməti 2,30 AZN təşkil edir.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib:
“Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə “Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, “Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.
Qeyd edək ki, ötən gün Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib. Belə ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.