Kürdəmir rayonunda narkotik vasitənin təsiri altında “Range Rover” markalı avtomobili idarə edən şəxs saxlanılıb.
 
Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
 
Bildirilib ki, İdarənin Yol Patrul Xidməti Alayının 7-ci taqımının əməkdaşları avqustun 13-də xidmət apardıqları stasionar postda “Range Rover” markalı avtomobili sahibinin məhdudlaşdırılmış sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsinə görə saxlayarkən sürücünün davranışları və zahiri görkəmi onun narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücünün isə tibbi müayinədən keçməsi təmin edilib.
 
Müayinə zamanı Göygöl rayonunda qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Elvin Abdullayevin sözügedən nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülüb.
 
Bununla yanaşı, saxlanılan nəqliyyat vasitəsində sərnişin qismində gedən avtomobilin sahibi, Gəncə şəhər sakini Kənan Qurbanovun, eləcə də onun həmyerliləri Orxan Bağırov və Seymur Cəfərovun hərəkətləri və zahiri görkəmləri şübhə doğurduğu üçün əraziyə çağırılan Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə onların üzərlərinə baxış keçirilib. Baxış zamanı Kənan Qurbanovun üzərindən küllü miqdarda psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 4340 | Tarix: 15.08.2022
Bizi Telegramda izləyin: @repostaz