Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi çərçivəsində müxtəlif qurumlar tərəfindən aparılan yoxlamalar zamanı yeni-yeni faktlar üzə çıxır.
 
Bakupost.az-a xəbər verir ki, bu günlərdə Gömrük Komitəsində yüksək çinli məmurların pirotexniki vasitələrin ölkəyə gətirilməsi üçün istifadə etdikləri üsulların üstü açılıb.
 
Məlum olub ki, Yeni il şənliyi və Novruz bayramından bir həftə öncə “Qırmızı körpü” keçid məntəqəsində ölkəyə daxil olan malların yoxlanılmasında istifadə edilən əsas rentgen qurğusu (Skan aparatı) bir həftəlik söndürülürmüş. Rəsmi sənədlərdə bu əməliyyat “texniki nasazlıq” kimi qələmə verilir və beləliklə, ölkəyə on milyonlarla dollar dəyərində tonlarla qadağan olunmuş pirotexniki vasitələr keçirilirmiş. Araşdırmalar zamanı o da bəlli olub ki, bu əməliyyatlar zamanı ölkəyə qeyri-qanunu olaraq mobil telefonlar, qızıl-zinət əşyaları, dərman preparatları da keçirilirmiş.
 
Bütün bu əməliyyatlara hazırda həbsdə olan Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun rəhbərlik etdiyi bildirilir. “Pirotexnika əməliyyatı”nın üstü açıldıqdan sonra Gömrük Komitəsi Əməliyyat İdarəsinin rəisi Rafiq Fətullayevin istintaqa cəlb olunacağı gözlənilir.
 
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən hər hansı münasibət öyrənmək mümkün olmayıb.

Baxış sayı: 4929 | Tarix: 21.09.2022
Bizi Telegramda izləyin: @repostaz