Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin sabiq rəisi, polkovnik, şair-publisist Ramiz Məlikov (Duyğun) vəfat edib.
 
Bu barədə APA-ya mərhumun qızı Günay Məlikli məlumat verib.
 
O bildirib ki, atası uzun sürən xəstəlikdən sonra iyunun 19-u səhər saatlarında 87 yaşında dünyasını dəyişib.
 
Ramiz Duyğun bu gün günorta Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.
 
Ramiz Duyğun 1938-ci il fevralın 10-da Əli Bayramlı (indiki Şirvan) rayonunun Güdəcühür kəndində anadan olub. İbtidai və orta təhsilini başa vurduqdan sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib (1956-1962).
 
1962-1978-ci illərdə müxtəlif hərbi dairələrdə xidmət edib. Sonra Tibb İnstitutunda müəllim və şöbə rəisi kimi çalışıb (1978-1990). Ehtiyatda olan tibb xidməti polkovnikidir.
 
İlk şeiri 1959-cu ildə dərc olunub. "Hünər" televiziya verilişinin müəllifi və aparıcısı olub. "Vətən-beşiyim mənim", "Əbədiyyətdən gələn məktub" və "Ağ atlı oğlanın nağılı" kimi əsərləri var. 1989-1991-ci illərdə Azərbaycan Ensiklopediyasında çalışıb.
 
Allah rəhmət eləsin.

Baxış sayı: 331 | Tarix: 19.06.2025
Bizi Telegramda izləyin: @repostaz