Başda Əli Kərimli olmaqla bütün cəbhəçilər deyir ki, sizin bizlə nə işiniz var? Ölkəni bu hala salan hakimiyyəti tənqid edin...
 
Burada çox bic bir gediş var. Belə şeylər yalnız Əli Kərimov kimi bicbalaların təfəkkürünün məhsulu ola bilər. 
 
Əvvəlcə onu deyim ki, mən hakimiyyətin fəaliyyətini də kifayət qədər tənqid edirəm. Ancaq elə edirəm ki, səmərəsi olsun. Faydasız populizm heç kəsə lazım deyil. Nə xalqa, nə də mənə. Populizm yalnız Əli Kərimli kimi maşennik xislətlilərə lazımdır. 
 
Problemləri səsləndirərkən, yaxud neqativləri tənqid edərkən hökmən kiminsə adını çəkmək şərt deyil. Hamı hər kəsin vəzifəsini də, məsuliyyətini də çox gözəl dərk edir və düşünürəm ki, səslənən fikirlərdən də öz payını götürür. 
 
Biz uşaq oyunu oynamırıq ki. Bu, siyasətdir. Siyasətdə taktika çox önəmlidir. Tutaq ki, hədsiz radikallıq elədik, şərləyib tutdular. Bunun xalqa və mənə nə faydası olacaq? Mən mümkün olanı etməyin və reallaşdırmağın tərəfdarıyam, xalqdan "malades" qazanmağın yox. Məqsəd xalqdan alqış qazanmaq yox, onun problemlərinin həllinə nail olmaq, onu maarifləndirmək, öyrətmək olmalıdır ki, problemlərini özü də həll edə bilsin. 
 
Əli Kərimli neynir? Ancaq İlham Əliyevin adını çəkərək, ənənəvi ümumi sözlər söyləyir, Qərbi tərifləyir, yalandan demokratiyadan danışır, bir də xalqı mirinqə çağırır. Vəssalam. 
 
Bunların indiyəcən zərrə qədər xeyri olubmu? Olmayıb. Özü də etiraf edir ki, vəziyyət hər sahədə pisləşib. 
 
Amma ölkədə baş verənlərə görə, hakimiyyət qədər müxalifət də məsuliyyət daşıyır. Müxalifətin anası kürsüsünü isə Əli əfəndi illərdir zəbt edib. 
 
Əli Kərimli, bizim Amerikada day-daylarımız yoxdur ki, onlara arxalanıb, yeri gəldi-gəlmədi İlham Əliyevə yüklənək. Biz onu da bilirik ki, problemlər təkcə İlhamlıq deyil və xalqı sənin kimi aldatmırıq. Biz problemlərin geopolitik, eyni zamanda daxili ictimai səbəblərini də göstərir, xalqa mitinqlərdən, inqilablardansa daha effektli mübarizə üsulları aşılayırıq. Bu, dürüstlük, prinsipiallıq, qanunları öyrənmək, proseslərin mahiyyətini anlamaqdır. Biz hesab edirik ki, yüz minlərlə şüursuzun mitinqə toplaşıb fırıldaqçıların pafoslu yalanlarına qulaq asmasından, mənasız və monoton "istefa", "azadlıq" qışqırmasındansa, min adamın öz qanuni haqqını tələb etməyi öyrənməsi daha yaxşıdır. 
 
Əli Kərimli, sən deyirsən ki, gəlin İlham Əliyevi aşıraq, mən gəlim, ondan sonra hər şey əla olacaq. Bunun bir mənası var: mən İlhamdan daha yaxşı oğlanam. 
 
Əvvəla, daha yaxşı oğlan deyilsən. Bu haqda geniş yaza da bilərəm, amma ehtiyac duymuram. İkincisi, vəziyyətin dəyişməsi bir yox, bir çox amillərlə bağlıdır. Təkcə İlhamın getməsiylə olmaz. Çoxları getməlidir, o cümlədən sən də. Üçüncüsü də, xalqın şüurunda dəyişiklik, inqilab olmalıdır. 
 
Xalqın əsas düşməni indiki hakimiyyət yox, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq mafiyadır. Ancaq sən bu barədə mıqq eləmirsən. Çünki onlardan təlimat və pul alırsan. 
 
Sən gecə-gündüz İlham Əliyevin adını çəkməklə guya hakimiyyətə gəlmək istədiyini, prezidentliyə iddia etdiyini təbliğ edirsən. Ancaq bu da blefdir, gözdən pərdə asmaq, tərəfdarlarının, xüsusilə də təcrübəsiz gənclərin, ümidsiz avam adamların başını qatmaq, gündəmdə qalmaq, xarici və daxili gəlirlərindən məhrum olmamaq üçündür. Sənə ancaq pul lazımdır, Əli! Sən sadəcə lotusan, Şelx Nəsrullahın, Molla İbrahimxəlilin müasir variantısan. 
 
Gündəmdə qalmaq üçün vaxtaşırı tərəfdarlarını da güdaza verir, tutdurur, özünün və rəhbərlik etdiyin qurumun əzabkeş obrazını yaradır, bunun ətrafında şou düzəldirsən. 
 
Sən hakimiyyət yükünün ağırlığını çox gözəl bilirsən, Əli, indiki şəraitdə onun altına girəcək qədər axmaq deyilsən. Buna sənin nə şəxsi potensialın var, nə kadr bazan, nə də ictimai dayağın. Sən sadəcə şou yaradır və buna görə muzd alırsan. 
 
Sənin fəaliyyətin hakimiyyətə də sərf edir. Çünki onun üçün təhlükəli deyilsən. Hətta bunun vədini də vermisən. Mitinqdə tutulan oğlunu, özünü boş yerə açıb buraxmadılar. Biz hərif deyilik, Əli, artıq yetişmişik, təcrübə qazanmışıq, sənin sayəndə bicliklərdən başımız çıxır. 
Səni burada məhz hakimiyyətin tapşırığı ilə deklorativ şəkildə, yəni ümumi sözlərlə tənqid edənlər var. Məqsəd səni hakimiyyətə əsas təhlükə kimi göstərməkdir. Çünki fikri əsas təhlükələrdən yayındırmaq, baş qatmaq, gündəm doldurmaq lazımdır. Sən bu rola çox uyğunsan.
Amma mən onlardan deyiləm, Əli Kərimli. Mənə sadəcə sənin kimi fırıldaqçıların ortada at oynatması ləzzət eləmir. Sən kimsən ki, hamını fırladasan? Sən kimsən ki, bu xalqın başına ip salıb sürüyəsən, biz də bununla barışaq və kənardan dinməz-söyləməz baxaq. 
 
Sən bu oyunu tək aparmırsan, Əli. Yan-yörən özün kimi maşenniklərlə, xəbərçilərlə, informatorlarla doludur. Onlar da sənin kimi bu oyununu artistləridir. Yeri gələndə türməyə də könüllü gedirlər. Tamaşa inandırıcı olmalıdır axı. Sizlər peşəkar siyasətbazlarsınız və hərənizin öz rolu var. Fuad kimi, Seymir kimi adamlara zəhmət çəkib yaşamaqdansa, 3-4 il türmədə oturub havayı yemək daha sərfəlidir. 
 
Amma aldatdığınız bədbəxtlər də az deyil. Onlara səslənirəm. Nə qədər ki gec deyil, o şeytan Əlidən uzaqlaşın. Mən 2000-ci ildə, 33 yaşımda uzaqlaşdım. Çünki necə bir iblis olduğunu anladım. Siz də düşünün və uzaqlaşın. Öz mübarizənizi özünüz, müstəqil şəkildə, düşünərək, analiz edərək aparın. Əlidən sizə hay olmayacaq...
 
Nadir Quliyev
 

Baxış sayı: 6867 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz