195 saylı avtobusun sürücüləri sərnişin daşımaqdan imtina ediblər. Onlar iki gündür ki, avtobusların hamısını xətdən çıxararaq qarajda saxlayıblar. Buna səbəb onlarla eyni istiqamətdə qeyri-qanuni sərnişin daşıyan mikroavtobuslardır.
 
Sözügedən marşurut avtobusları Binə Ticarət Mərkəzindən Ələt qəsəbəsinə sərnişin daşıyırlar. Sürücülər iddia edirlər ki, həmin istiqamətdə 30-a yaxın qanunsuz mikroavtobuslar da işləyir. Mikroavtobus sürücüləri onların qanuni fəaliyətinə mane olur, sərnişinlər üçün təhlükə yaradırlar. Onlar mikroavtobus sürücülərinin bəzilərinin sürücülük kateqoriyalarının olmadığını da deyirlər
 
Daşıyıcı şirkətin direktor müavini Mövsüm Kərimov deyir ki, ümumilikdə xətdə 10 avtobus var. Həmin avtobuslar 15 dəqiqə intervalla sərnişindaşıma ilə məşğuldurlar. Hazırda qanunsuz mikroavtobuslarla onların sərnişinləri daşınır. Buna görə də, artıq bir neçə gündür ziyanla çalışırlar. Hazırda şirkət vergi və əməkhaqlarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də sürücülər xəttə çıxmaqdan imtina edirlər. O bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini də deyir.
 
İddialarla bağlı mikroavtobusların Lökbatan dairəsi yaxınlığında toplaşdıqları məntəqəyə getdik. Əksəri müsahibədən imtina etdi. Bəziləri isə əvvəlcə bu istiqamətdə sərnişin daşımadıqlarını desələr də, sonra bunu etiraf etdilər.
 
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, lökbatan dairəsi ətrafında qanunsuz sərnişindaşıma vasitələrinin mövcudluğu və bundan qaynaqlanan xaotik vəziyyət 195 nömrəli avtobusların fəaliyyətinə mənfi təsir etməkdədir. Agentlik qanunsuz sərnişindaşımaların qarşısının alınması üçün bir neçə dəfə müvafiq qurumlara müraciət etsə də, müsbət dəyşiklik baş verməyib. O da bildirildi ki, hazırda 195 nömrəli avtobusların normal fəaliyyətinin təşkili ilə bağlı müvafiq tədbirlər görülür.
 
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, məsələ araşdırılacaq və qanunsuzluqlara qarşı tədbirlər gücləndiriləcək.

Baxış sayı: 7494 | Tarix: 03.10.2022
Bizi Telegramda izləyin: @repostaz