İran, Rusiya və Türkiyə Suriya ilə bağlı Astana formatı çərçivəsində keçirilən 19-cu beynəlxalq görüşün yekunlarına dair birgə bəyanat yayıb.
 
Bəyanatda hər üç ölkənin terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizədə birgə işi davam etdirmək, Suriyanın suverenliyi və ərazi bütövlüyünü pozmağa, sərhədyanı hücumlarla qonşu ölkələrin milli təhlükəsizliyini təhdid etməyə çalışan separatçı qüvvələrə qarşı durmaq əzmində olduğu qeyd olunub.
 
Həmçinin, Suriyanın ayrı-ayrı bölgələrində müxtəlif adlar altında fəaliyyət göstərən terrorçu qruplaşmaların və onların törəmələrinin fəaliyyətinin artması, o cümlədən mülki obyektlərə və məcburi köçkün düşərgələrinə günahsız insanların ölümü ilə nəticələnən hücumlar pislənilib.
 
Sənəddə Suriyanın şimalı ilə bağlı bütün tənzimləmələrin tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulanıb.
 
Qeyd olunub ki, Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edən tərəflər bu bölgədə daimi təhlükəsizlik və sabitliyin yalnız ölkənin suverenliyi və ərazi bütövlüyü əsasında əldə edilə biləcəyinə razılaşıblar.
 
Tərəflər, regionda yeni reallıqlar yaradılması cəhdlərini, o cümlədən terrorçuluqla mübarizə bəhanəsi ilə qanunsuz özünüidarəetmə təşəbbüslərini rədd edərək, Fəratın şərqində Suriyanın birliyini pozmağa çalışan separatçı qüvvələrə qarşı mübarizə əzmlərini bir daha təsdiqləyiblər.
 
Bəyanatda separatçı qruplar tərəfindən Fəratın şərqindəki dinc əhaliyə qarşı artan düşmənçilikdən, dinc nümayişlərin dağıdılması, məcburi hərbi xidmətə çağırış və təhsil sahəsində ayrı-seçkilik praktikası da daxil olmaqla hər cür ayrı-seçkilikdən ciddi narahatlıq ifadə edilib.
 
Ölkələr Suriyaya aid olan neft gəlirlərinin qanunsuz ələ keçirilməsinə və transferinə etiraz etdiklərini vurğulayıblar.
 
Sənəddə Suriya münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığı qeyd olunub və BMT-nin vasitəçiliyi ilə siyasi prosesin davamlı irəliləməsinə sadiqlik ifadə olunub.

Baxış sayı: 5442 | Tarix: 23.11.2022
Bizi Telegramda izləyin: @repostaz