"Mən İranın üç keçmiş prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bu qədər illərdir ki, indiki kimi vəziyyət heç vaxt olmayıb. İran heç vaxt sərhədlərimizdə bir neçə ay ardıcıl iki hərbi əməliyyat keçirməyib".  
 
RePost.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxşı zamanı deyib. 
 
"Biz hər zaman Azərbaycan əleyhinə olan istənilən addıma cavab vermişik və bundan sonra da verəcəyik. Ona görə də biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır", dövlət başçısı əlavə edib.
 
İlham Əliyev vurğulayıb ki,  Azərbaycan ərazilərinin işğalı dövründə İran silahlı qüvvələri Azərbaycan sərhədinin işğal olunmuş  hissəsində heç vaxt heç bir təlim keçirməyib.
 
"Onlar bunu edə bilərdi. Azərbaycan sərhədinin 132 kilometri işğal altında idi. Bu da Azərbaycanla İranın sərhədidir. Bəs niyə bu sərhəddə hərbi təlimlər keçirmədilər? 
İran rəsmiləri, o cümlədən yüksək rütbəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirir. Niyə onların heç biri bizim haqqımızda da danışmır?  30 ildir ki, ərazilərimiz işğal altındadır. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu eşidən varmı? Yox. Bu, Azərbaycan xalqının verdiyi sadə sualdır. Təkcə mənim yox", - Prezident qeyd edib.

Baxış sayı: 8007 | Tarix: 25.11.2022
Bizi Telegramda izləyin: @repostaz