Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyaya işgüzar səfər edəcək Azərbaycan XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.
“Nazirlər Rusiya və Azərbaycan prezidentlərinin bu ilin 22 fevral tarixində Moskvada imzaladıqları müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə kontekstində Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafına dair kompleks məsələləri müzakirə edəcəklər. Eləcə də, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Xüsusi diqqət 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli və 31 oktyabr 2022-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsinin müzakirəsinə ayrılacaq”, - Rusiya XİN sözçüsü vurğulayıb.