Ölkəmizə 3 aylıq gələn Gürcüstan vətəndaşları avtomobillərini idarə edə bilmirlər. Polis onlara xəbərdarlıq edib ki, maşın sürməyə icazəniz yoxdur. Ya sürücülük vəsiqəsini Azərbaycana aid vəsiqə ilə əvəz etməlisiniz, ya da avtomobil sürməyin. Bu qaydanı pozsanız, cəzalanacaqsınız.
 
Məsələ ilə bağlı “ATV Xəbər” araşdırma edib.
 
Gürcüstan vətəndaşı: “Gürcüstan vətəndaşıyam, qardaş, pravam da Gürcüstan pravasıdır. Keçən dəfə polis saxlayıb dedi ki, siz sənətsiz sayılırsınız. Bu sənəd keçmir. Bir ay keçərlidir. Dedim, neyləməliyəm? Dedi, qeydiyyata düşməlisən, bura pravası almalısan. 3 aydan bir keçib-qayıdırdıq. İndi yol bağlı olduğuna görə keçə bilmirik. Daimi oturuşda deyilik. Maşınımı saxlamışam, sürə bilmirəm. Deyillər ki, saxlasaq, aparacağıq cərimə meydançasına”.
 
Gürcüstan vətəndaşı: “Patrul xidməti saxlayıb deyir ki, siz Azərbaycanda bir ay sürə bilərsiniz. 3 aylıq gəlmişəm, mənim oturum iznim yoxdur. Mən müvəqqəti qeydiyyatla yaşayıram. Getmişəm ki, mənə verin, məni yol patrul xidməti incidir. Mən müvəqqəti - bir illik verirlər sürücülük vəsiqəsini, deyirlər, biz sizə verə bilmərik, gedin oturum izni alın”.
 
Qanun bunu necə tənzimləyir? Baş dövlət yol polis idarəsinin inspektoru Elvin Hacıyev bildirdi ki, xarici vətəndaş ölkəmizdə müvəqqəti və ya daimi qeydiyyata düşdükdən bir ay sonra mütləq şəkildə sürücülük vəsiqəsini Azərbaycan sürücülük vəsiqəsi ilə əvəz etməlidir.
 
Elvin Hacıyev – BDYPİ-nin inspektoru: “Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respubilkasında müvəqqəti və daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vastələrini idarə etmək üçün sütrücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Ola bilsin ki, həmin şəxs 3 aylıq müddətə ölkədə qalmaq üçün icazə alıb. Bir ay bitdikdən sonra sürücülük vəsiqəsi dəyişdirilməlidir”.
 
Əgər ölkəmizə gələn əcnəbilər müvəqqəti və ya daimi qeydiyyata düşməyiblərsə, o zaman sürücülük vəsiqəsini dəyişməyə ehtiyac yoxdur. Qanun tam aydındır. Azərbaycanda yaşayan əcnəbi gəldiyi ölkədən asılı olmayaraq Azərbaycan qanunları ilə yaşamalıdır. Sözügedən qayda pozuntusuna görə isə sürücü 100 manat məbləğində cərimələnir.

Baxış sayı: 7323 | Tarix: 02.12.2022
Bizi Telegramda izləyin: @repostaz