İsrailin İrana hücumu ilə İran-Azərbaycan münasibətləri arasındakı gərginliyin hər hansı bir rolu varmı? Məncə, birmənalı şəkildə “yoxdur” demək olmaz. Ən azı ona görə ki, bəlli olay İsrailin manevr imkanlarını ciddi şəkildə artırdı. Və İsrail bu məqamı əldən vermədi. 
Ancaq o da aydındır ki, Tehran-Bakı xəttində yaşanan son olay olmasaydı belə İsrail İrana hücum edəcəkdi. Bu, qaçılmaz idi...
 
Niyəsini də deyim. İsrail Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Eliezer Marom demişdi ki, İran nüvə silahı əldə etmək ərəfəsindədir və “nə qədər gec deyil, İrana indi hücum etmək lazımdır”. Bu həftənin cümə axşamı “i24News”-a açıqlama verən Marom İranın nüvə öbyektlərini hədəf almağın vacibliyini vurğulamışdı: “Məncə, İsrail hücum etməlidir, çünki hazırda vəziyyət belədir ki, İran 100 faiz (100 faiz dedikdə nüvə silahı üçün uranın 100 faiz zənginləşdirilməsi nəzərdə tutulur) nüvə silahı əldə etmək ərəfəsindədir”. 
İsrailin İrana mümkün hücumu ilə bağlı bu həftənin bazar ertəsi “CNN”-ə istinadən yazmışdım. “CNN” qeyd etmişdi ki, bu həftənin bazar ertəsi ABŞ və İsrail indiyə qədər keçirilmiş hərbi təlimlərin ən böyüyünü həyata keçirməyə başlayıb. Amerikanın 100, İsrailin isə 42 hərbi təyyarısi təlimlərdə yer alacaq. ABŞ-ın 6.500, İsrailin isə 1.100 hərbçisi təlimə qatılacaq. 
 
“CNN“ onu da bildirmişdir ki, bu hərbi təlim İrana açıq siqnal göndərmək anlamına gəlir. 
 
Sirr deyil ki, İsrailin yeni-köhnə Baş nazir Benjamin Netanyahu mühafizəkar siyasətçidir. Sərt xətt tərfdarıdır. Xüsusən, İrana qarşı radikal mövqedədir. Cənab Netanyahu onu da demişdi ki, yaxın həftələrdə ABŞ və İsrail İranın nüvə silahı əldə etmək məsələsi ilə bağlı danışıqlara başlayacaq.
 
Yəni hazırda İsrailin İranın hərbi obyektlərinə qarşı keçirdiyi hava hücumlarını qətiyyən gözlənilməz hesab etmək olmaz, hücum müvafiq plana uyğun şəkildə həyata keçirilir. O da aydındır ki, İsrailin İrana hücumları bundan sona daha intensiv xarakter alacaq...
 
Böyük Britaniyanın “The Guardian” qəzeti isə bildirir ki, Tehranda Azərbaycan səfirliyinə silahlı hücum nəticəsində bir əməkdaşın qətlə yetirlməsi, iki əməkdaşın isə yaralanmasından sonra bölgədə vəziyyət daha da gərginləşib. Və İsrailin İrana hücumu belə bir fonda baş verir. 
Britaniya nəşri bildirir ki, İran Kəşfiyyat Nazirliyinin iyul ayında İsfahan ətrafındakı həssas obyektləri hədəf almaq planını pozduğunu iddia etməsindən sonra hazırkı hücum baş verib. 
 
Oktyabr ayında İran dövlət televiziyasında yayımlanan kadrlarda İrandan sürgün edilmiş və hazırda İraqda fəaliyyət göstərən kürd müxalifət partiyası Komala üzvlərinin İsrailin Mossad kəşfiyyat xidməti tərəfindən təlim keçdikdən sonra İsfahandakı hərbi aerokosmik obyekti hədəf almağı planlaşdırdıqlarını iddia edən etiraflar yer almışdı...
 
Bəzi mənbələr iddia edir ki, İsrail İranın 20 şəhərindəki hərbi obyektləri dronla vurub. 
 
İranla İsrail arasında münasibətlər düşmən xarakteri daşıyır. İsrail müxtəlif illərdə İranda yerli nüvə alımlərini müxtəlif vasitələrlə aradan götürüb. İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə bağlı məxfi məlumatların ABŞ-a ötürülməsində də İsrail əsas rol oynayıb. 
 
İran dəfələrlə İsraili Yer üzündən siləcəyini bəyan etsə də hələki buna nail ola bilməyib. İlk belə cəhd 2006-cı ildə baş verib. O vaxt İran  Livanda bəslədiyi  Hizbullah vasitəsi ilə İsrailə qarşı “proxy” müharibəyə başladı. 34 gün davam edən müharibə 1 milyon livalını qaçqın vəziyyətinə saldı. Yüzlərlə insan öldürüldü... 
 
İndi də İran müxtəlif ölkələrdə bəslədiyi terrorçu silahlı qruplar vasitəsi ilə İsrail və Körfəz ölkələrini hədələyir. Ancaq İranın Körfəzdəki varlı ərəb ölkələri ilə isti münasibətlər yaratmış İsrailə qalib gəlməsi mümkün görünmür. Bəli, İsrail balaca ölkədir. Amma texnologiya baxımından dünya nəhəngləri ilə rəqabətdədir. Ən önəmlisi isə odur ki, ABŞ başda olmaqla Qərb İsariln tərəfindədir və ona dəstək verirlər. Qərbdə İrana münasibət son dərəcə pis olduğuna görə İsrailə bu məsələdə daha güclü dəstək var...
 

Baxış sayı: 10743 | Tarix: 30.01.2023
Bizi Telegramda izləyin: @repostaz