Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.
 
Görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
 
Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulandı. Bu xüsusda Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edilib.
 
Görüşdə ikitərəfli məsələlər müzakirə olunub, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanıb. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olunub.
 
Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılıb. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirildi. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edildi. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulanıb.
 
Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırılıb.
 
Həmçinin bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olundu, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
 
Görüşdə, eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.
 
Eyni zamanda Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları diqqətə çatdırılıb.
Görüşdə ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparılıb.
 
Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verib.

Baxış sayı: 7266 | Tarix: 22.05.2023
Bizi Telegramda izləyin: @repostaz