DİN ötən gün Bərdə rayonunda polisin əlindən bort kompüteri alaraq qaçan şəxs barəsində məlumat yayıb.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Bərdə rayonunda polisin əlindən bort kompüteri alaraq qaçmağa cəhd göstərən şəxs barəsində rayon Polis Şöbəsində toplanmış materiallara müvafiq qaydada baxılması üçün rayon prokurorluğuna göndərilib.
 
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
 
DİN-dən bildirilib ki, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "Qaz-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.
 
Araşdırmalar zamanı bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxsin rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənov olduğu müəyyən edilib.

Baxış sayı: 8843 | Tarix: 25.05.2023
Bizi Telegramda izləyin: @repostaz