Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası  ilə bağlı işlər davam etdirilir. 
 
Azəravtoyol ASC-dən RePost.Az-a verilən məlumata görə, inşaat işləri çərçivəsində  dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi başa çatdırılıb, metal aşırım hissələri quraşdırılıb. Eyni zamanda hər iki tərəfdən metal pilləkənlərin da quraşdırılması işləri yekunlaşıb. 
     
Metal aşırım hissələrinin tənzimlənməsindən və məhəccərlər quraşdırıldıqdan sonra keçidin ətrafında abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq, keçiddə müasir işıqlandırma sistemi qurulacaq, təhlükəsizlik kameraları quraşdırılacaq.
 
Eyni zamanda piyada keçidinin ətrafında 2 ədəd avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.
 
Sözügedən yüngül konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıq olaraq qurulub. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkan hissələri də daxil qalereyasının ümumi uzunluğu 64.75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5.5 metr-dir.
 
Aşırım və pilləkan hissəsi metal konstruksiyalı olan piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təmin olunacaq.
 
Piyada keçidi Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.
 
Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilir.
 
RePost.Az
 

Baxış sayı: 3561 | Tarix: 28.03.2017
Bizi Telegramda izləyin: @repostaz