Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.
 
AAYDA-dan verilən xəbərə görə, dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
 
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.
 
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
 
Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir.
 
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdən dövlət başçısının tapşırığına uyğun olaraq, yol boyunca vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə sözügesən yol yenidən inşa edilir.
 
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində yeni yol aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Bundan başqa sözügedən ərazidə yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər də görülür. Bu çərçivədə svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası davam edir.

Baxış sayı: 8653 | Tarix: 30.06.2023
Bizi Telegramda izləyin: @repostaz