“Ermənistanın dəstəklədiyi Xankəndidəki separatçı rejim ərzaq məsələsini siyasiləşdirir. Qarabağ bölgəsinin “blokadası” ilə bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır”.
Bunu Caliber.az-ın jurnalisti Orxan Amaşov BBC-yə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə 40 ton un çatdırmağa çalışır: “Lakin bu yük hələ də yolda qalıb və Rusiya sülhməramlı kontingentinin nəzarətində olan əraziyə girişi gözləyir”.
Jurnalist vurğulayıb ki, sosial şəbəkələrdə yayılan foto və videolardan aydın olur ki, Qarabağda həyatdan zövq alan və heç bir çətinlik çəkmədən yaşayan ermənilər var: “Amma təbii ki, ən yaxşı şəraitdə yaşamayanlar da var, lakin bütün bunlar düzəldilə bilər. Bu problemi həll etmək üçün Azərbaycan dəfələrlə Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib”.
Siyasi icmalçı vurğulayıb ki, Laçın yolu açıqdır, tibbi yardıma ehtiyacı olanlar və dərman preparatlarının çatdırılması üçün məhdud rejimdə işləyir: “Laçın yolunun niyə böyük yüklərin daşınması üçün uyğun olmaması da başa düşülməlidir. Çünki bu məsələ ilə bağlı ciddi təhlükəsizlik riski var”.
Ekspert xatırladıb ki, iyunun 15-də Azərbaycan hərbçilərinin atəşə tutulması ilə bağlı insident olub, iyulun əvvəlində isə Qarabağ erməniləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərdən Qarabağa icazəsiz yük daşımaq üçün istifadə etməyə cəhd ediblər: “İyulun 15-də razılıq əldə olunmuşdu ki, həm Laçın yolu, həm də Ağdam-Xankəndi yolu bir-birini tamamlama prinsipinə uyğun işləsin”. O əlavə edib ki, daha sonra Ermənistan tərəfi bundan imtina edib.
O.Amaşov “Laçın” sərhəd-buraxılış məntəqəsinin Azərbaycan tərəfindən yaradılması məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaratmasının əsas səbəbi Laçın yolundan qanunsuz istifadə olub: “Həmin dövrə qədər Laçın yolu ermənilər tərəfindən silah-sursatların daşınması üçün istifadə olunurdu”.
BBC-nin digər həmsöhbəti tanınmış hüquqşünas və beynəlxalq hüquq üzrə ekspert, “Temple Garden Chambers” hüquq firmasının məsləhətçisi Rodni Dikson olub.
O qeyd edib ki, Azərbaycan hökuməti ona Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun anti-Azərbaycan hesabatı və orada Azərbaycana qarşı irəli sürülən ittihamlarla tanış olmağı tapşırıb.
Bu işi qanunvericiliyə əsasən və ictimaiyyətə açıq olan bütün faktlar əsasında araşdıran hüquqşünas belə qənaətə gəlib ki, Morenonun guya Qarabağın erməni əhalisinə qarşı “soyqırımı” törədilməsi ilə bağlı ittihamları əsassızdır və bununla bağlı heç bir sübut yoxdur: “Bunu soyqırımı ilə eyniləşdirmək olmaz, çünki Okampo buna dair heç bir sübut təqdim etməyib”.
Hüquqşünas söyləyib edib ki, Azərbaycan hökuməti Qarabağın erməniəsilli əhalisinə Ağdam yolu vasitəsilə ərzaq göndərilməsini təklif edir, bu marşrutu BQXK və Aİ də dəstəkləyir: “Ərzaq məhsullarının açıq şəkildə əlçatan olduğu halda bunu Qarabağ ermənilərini “məhv etmək” niyyəti ilə uyğunlaşdırmaq olmaz”.
R.Dikson deyib ki, ərzaq Ağdam yolu ilə BQXK və Qızıl Aypara kimi müstəqil təşkilatlar tərəfindən çatdırıla bilər: “Qızıl Aypara bu marşrutla ərzaq çatdıran zaman Qarabağ erməniləri onu buraxmayıb. Ağdam və Laçın yolu beynəlxalq təşkilatlar tərəfindən istifadə oluna bilər”.
“Beləliklə, hesab edirəm ki, özünü ciddi hüquqşünas hesab edən şəxs mülki əhalinin fiziki məhv edilməsi ilə bağlı niyyətin olmasına dair ittiham irəli sürməmişdən əvvəl bu vacib faktları nəzərə almalıdır. Bu, çox ciddi ittihamdır və ərzaq çatdırılması ilə bağlı yolların mövcud olduğu dövrdə onları irəli sürmək olmaz, çünki bunlar bir-birinə zidd olan məqamlardır”, - o sonda vurğulayıb.