Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.
“Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında, kağız üzərində də qeyd edib. Biz bu barədə bilirik. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğumuzu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub, Ermənistan rəhbərliyi bu barədə publik bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb, hansı ki, bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil. Bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur. Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa… Əlbəttə, burada başqa məsələlər yaranır. Humanitar tərkibli və bizim sülhməramlıların mandatı ilə bağlı məsələlər… Mandat hələ ki fəaliyyətdədir. Humanitar xarakterli məsələlər, hansısa etnik təmizləməyə imkan verilməməsi məsələləri heç yerə getməyib. Mən bununla tam razıyam. Azərbaycan rəhbərliyi hər zaman deyir ki, etnik təmizləmədə maraqlı deyil”, - Rusiya Prezidenti əlavə edib.
Putin moderatorun “Ermənistan tərəfinin Rusiya, KTMT kömək etmədi” kimi iddiaları ilə bağlı sualına da cavab verib: “Başa düşürsünüz, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, bu qədər, daha nədən söhbət gedə bilər?! Bu, bütün problemlərin əsas tərkib hissəsidir. Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Bütün problem bundadır”, - Putin vurğulayıb.