Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində 12 sentyabr 2023-cü il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eqqer ilə görüşüb.
 
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı durumu, mövcud çağırışlar və gələcək perspektivlər barədə müzakirələr aparılıb.
 
Beynəlxalq humanitar vasitəçi kimi BQXK-nin rolu qeyd edilib, Azərbaycanın BQXK ilə əməkdaşlığında münaqişədən əziyyət çəkən insanlara dəstək, itkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcılar barədə maarifləndirmə kimi istiqamətlərin böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
 
Bununla yanaşı, Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulanıb. Əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğu xatırlanıb. Hal-hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğu vurğulanıb.
 
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.
 
Görüş zamanı həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.

Baxış sayı: 6164 | Tarix: 12.09.2023
Bizi Telegramda izləyin: @repostaz