Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun APA-ya müsahibəsi
 
- Rusiya Prezidenti Vladimir Putin dünən bildirib ki, əvvəlki danışıqlarda Rusiyanın təklifinə əsasən, Laçın, Kəlbəcər və keçmiş Dağlıq Qarabağın yurisdiksiyası Ermənistanda qalır, digər 5 rayon Azərbaycana qaytarılırdı. Bu açıqlama nə dərəcədə həqiqəti əks etdirir?
 
- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 1996-cı ildən başlayaraq irəli sürdüyü təkliflər elə bu mahiyyətdə idi. Bu, tək Rusiyanın təklifi deyildi. Yəni, Putinin dediyi kimi, mərhələli variantda bir neçə rayonun azad edilməsi, sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları və Qarabağ məsələsi həll olunmalı idi. Əslində, Putinin təzə nəsə deməyib. Heydər Əliyevin Milli Məclisdə müzakirəyə çıxardığı təkliflərdə də bununla bağlı məqamlar yer almışdı. Madrid prinsiplərinin də əsas elementləri bundan ibarət idi ki, işğal olunmuş rayonların bir qismi öncə azad edilirdi. Bizə saziş yox, hər dəfə gələcək sazişin əsas elementləri tezis şəkilində təklif olunurdu. Azərbaycan da, Ermənistan da bu təkliflərin bir qismini qəbul edir, digər qismini qəbul etmirdi. Bu vəziyyət 30 ilə, yəni 2020-ci ilə qədər davam etdi. 30 il ərzində həmsədrlər tərəflərə hər hansı saziş təklif etməyib. 1997-ci ilə qədər müzakirə olunan yeganə saziş Rusiyanın təklif etdiyi saziş olub, o sazişin də müzakirəsi heç bir nəticə verməyib.
 
Putinin dediklərindən elə nəticə hasil olur ki, guya Ermənistan 5 rayonun qaytarılması, Kəlbəcər və Laçının məsələsinin, Qarabağın statusunun sonrakı mərhələyə saxlanılması təklifini qəbul etmirdi, Azərbaycan qəbul edirdi. Bu isə yanlış təəssüratdır. Məhz Azərbaycan tərəfi bunu qəbul etmirdi. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki həmin təkliflər irəli sürülən zaman mən Prezident Heydər Əliyevin bu məsələlər üzrə xüsusi nümayəndəsi idim, bu məsələlərdən xəbərim var.
 
Kazan təkliflərinə də toxunmaq istəyirəm. Bu, cəmiyyət üçün açıqlanmayıb. Ancaq o təkliflərdə də təzə nəsə ola bilməzdi. Ümumiyyətlə, Minsk qrupunun təklifləri də öncə 5 rayonun azad edilməsi, sonra digər rayonlar məsələsini əhatə edirdi. Ancaq Azərbaycan bu təkliflərə razılıq vermirdi. Azərbaycan bu tezisləri əsas kimi qəbul edirdi, lakin sonra həmsədrlər tərəfindən tərtib olunan sazişdə bizi qane etməyən hissələrə Azərbaycan öz mövqeyini bildirəcəkdi. Ermənilərin mövqeləri isə işğal olunmuş rayonların bir hissəsini Qarabağın müstəqilliyi müqabilində azad edilməsini ehtiva edirdi. Azərbaycan Ermənistanın bu konsepsiyasını və bu konsepsiyanın əsasında duran əvvəl 5 rayon, sonra 2 rayonun azad edilməsi təklifini qəbul etməyib. Ermənistan sonradan isə belə mövqe ortaya qoydu ki, heç bir ərazini azad etmir, de-fakto həmin ərazilər Ermənistana birləşib, onlara danışıqlar lazım deyil. Putinin iradları Ermənistanım məhz bu sonrakı mövqeyi ilə bağlıdır.
 
- Ancaq Putin təkliflərin Laçın, Kəlbəcər və keçmiş Dağlıq Qarabağın yurisdiksiyası Ermənistanda qalmasını əhatə etdiyini bildirib. Təkliflərdə belə məqam olub?
 
- Putin müvəqqəti yurisdiksiyadan danışır. Putin bir az hüquqi baxımdan məsələni etibarlı göstərmək üçün bu termindən istifadə edilib. Rusiya Prezidentinin açıqlamasının mahiyyəti isə odur ki, bu məsələlərdə Ermənistan özü günahkardır. Digər tərəfdən, nədənsə Putin demir ki, bu təkliflər Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən təklif olunurdu. Həmsədrlər eyni mövqedən çıxış edirdi. Hətta Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçıları bu yöndə bəyanatlar verirdilər və bildirirdilər ki, onların müştərək mövqeyidir.
 
Putinin demək istədiyi budur ki, Qərbə doğru getmək istəyən Ermənistana uzun müddət belə yaxşılıq ediblər. Əslində isə Putinin qeyd etdiyi təklif Minsk qrupunun 3 həmsədrinin mövqeyi idi. Hazırda Putinin də açıqlaması Qarabağ mövzusuna aid olsa da, əslində, baş verənlər Rusiya və Qərb arasında rəqabətin təzahürüdür.
 
Bir məsələni də qeyd etmək lazımdır. 2020-ci ildə 44 günlük müharibənin nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, status-kvo dəyişib, Qarabağ mövzusu Azərbaycanın daxili məsələsidir və bu səhifə bağlanıb. Prezident İlham Əliyev Putinlə mətbuat konfransında da mövqeyini açıq şəkildə bəyan edib. Azərbaycan Prezidenti göstərib ki, bu məsələ ilə bağlı kiminsə rəyi ikinci dərəcəli məsələdir. Bu, reallıqdır.
 
Hazırkı mübarizənin isə mahiyyəti isə yuxarıda qeyd etdiyim kimi başqadır və mən bu mübarizədə Putinə də, Paşinyana da uğur arzulayıram.
 
- Ümumiyyətlə, Prezident İlham Əliyevin hakimiyyəti dövründə torpaqların işğaldan azad edilməsi ilə bağlı mövqeyi, prinsipləri necə olub?
 
- Heydər Əliyevin dönəmində Azərbaycan dövlətinin iqtisadi, hərbi, siyasi bünövrəsi formalaşıb. Prezident İlham Əliyev bu bünövrə əsasında Azərbaycanın daha yüksək səviyyədə inkişafını təmin edib. Belə inkişafa nail olandan sonra Azərbaycan Qarabağ problemi ilə bağlı mövqeyini gücünə, resurslarına uyğun olaraq ortaya qoyub. Məsələn, biz zəif olanda bəzi məsələləri, sadəcə, dilə gətirmirdik. Azərbaycan Prezident İlham Əliyevin dönəmində - daha güclü olanda isə bu məsələləri yenidən bəyan etdik. 2020-ci ildə isə bu güc pik səviyyəsinə çatıb və Prezident bəyan edib ki, status-kvo dəyişib və dövlət başçısı Qarabağ məsələsinin Azərbaycanın daxili məsələsi olduğunu vurğulayıb.
 
Bir məsələni də qeyd etmək lazımdır. Prezident İlham Əliyev peşəkar diplomatdır. Prezidentin xarici siyasətdə atdığı addımlar çox peşəkardır və o, Azərbaycanın maraqlarını müdafiə edən bəyanatlar verir, çıxışlar edir. Məntiq, beynəlxalq hüquq və prinsiplər əsasındakı bu çıxışlar və bəyanatlar təbii ki, proseslərə öz təsirini göstərir. Biz artıq Rusiya-Ermənistan müttəfiqliyinin nə vəziyyətdə olduğunu görürük.
 
Bir məqama da diqqət çəkmək istəyirəm. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, NATO üzvü olan Türkiyə ilə hərbi müttəfiqdir. Postsovet məkanında hansı dövlət buna nail ola bilib? Rusiya tərəfindən digər ölkələrlə münasibətdə bu, qəbul edilibmi? Görün Ukraynada nələr baş verir?! Baltikyanı ölkələri demirəm, bu, ayrı bir mövzudur. Ermənistana irad tuturlar ki, ABŞ hərbçiləri ilə təlimlər keçirlər.
 
Biz görürük ki, Azərbaycanın uğurları ciddi və peşəkar siyasətin nəticəsidir.

Baxış sayı: 6791 | Tarix: 13.09.2023
Bizi Telegramda izləyin: @repostaz