Azərbaycanın Xankəndi şəhəri, Xocalı, Xocavənd rayonları və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərindən olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət edib.
 
Bu gün keçirilən tədbirdə "Məcburi Köçkünlərə Dəstək" İctimai Birliyinin sədri, Xankəndi sakini Xatirə Vəliyeva məcburi köçkünlərin bəyanatını təqdim edib. Bəyanat 50 məcburi köçkün tərəfindən imzalanıb.
 
Bəyanatda deyilir ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, onlar 3 ildir ki, öz şəhər və rayonlarına, kəndlərinə, yurd yerlərinə qayıda bilmirlər: “Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıb. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşaması faktını belə danır. Bu, uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri! Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir olunub, evlərimiz viran olunub. Yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçdü. Böyük ağrı, iztirab hissi ilə doğma yurd yerlərimizə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi “boz zona”ya çevrilib”.
 
Bəyanatda vurğulanıb ki, Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır: “Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir! Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla, tam təmin edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb! İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək! Buna görə də, Xocalıda, Xankəndidə, Xocavənddə, indi “boz zona”ya çevrilmiş digər ərazilərdə Azərbaycanın suverenliyi təmin olunmalıdır”.
 
Məcburi köçkünlər Qarabağ bölgəsində yaşayan erməni sakinlərə də müraciət ediblər: “Siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir!”
 
Məcburi köçkünlər dünya ictimaiyyətinə müraciətlərində bildiriblər ki, Ermənistandan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlara son qoymaq tələb edilməli, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüquqları tanınmalıdır.

Baxış sayı: 5632 | Tarix: 14.09.2023
Bizi Telegramda izləyin: @repostaz