Telejurnalist Əziz Orucovun saxlanılması zamanı yaşanan hadisə duyğusal insanların ürəyini dağlayan türdəndir. Heç ürəyi daşdan olan insanlar da bu epizoda sakit baxa bilməz.
Bu hadisəni əks etdirən şəkillər bir başqa, videosu isə tamam başqadır. Bir damcı uşaq sövq-təbii hiss edir ki, bu gələn əmilər onun atasını aparmağa gəliblər və bir azdan onu atasından ayıracaqlar. 4 yaşlı qızcığaz müqavimət göstərir, gah atasının ayaqlarını qucaqlayır, gah da qolundan yapışır. Evin xanımı onun başını yozmağa çalışır, deyir ki, qoy atan həkimə getsin, gəlsin (guya ki, həkimə getmək daha az ağrılı olaydır), uşaq inanmır. Əziz “münaqişə”ni “rüşvət” yoluyla həll etmək istəyir, cibindən pul çıxarıb balacaya verir ki, onun başını aldatsın. Qızcığaz pulu alır və atır... Ona atası lazımdır.
Bu, hələ dünyanı dərk etməyən azərbaycanlı övladın, atasının əziz qızının hiss etdiyi təhlükəyə qarşı instiktiv reaksiyasıdır. Bu millətdə belə qızlar çoxdur və bununla fəxr etməyə dəyər.
İnsafən, Əzizi aparmağa gələnlər korrekt davranırlar, nə uşağın bir an öncə başqa otağa keçirilməsini tələb edirlər, nə Əzizi tələsdirirlər, sakitcə gözləyirlər. Amma onlar bundan daha ötə bir hərəkət də edə bilərdilər. Onlar Əziz Orucova astadan xısıldaya bilərdilər ki, sabah, məsələn, saat 11-də idarəyə gəl. Vəssalam. O da mütləq gələcəkdi.
Yox, əgər rəislər Əziz Orucovu məhz bu gün saat filana qədər idarəyə gətirmək barədə qəti əmr veriblərsə, yenə çıxış yol var, zəng edib rəisə situasiyanı başa salmaq olardı. O da daş-qaya deyil ki, insandır, anlayardı və Əziz həmin gecəni sırf qızının xatirinə, o, xatircəm olsun, travma yaşamasın deyə evində keçirərdi və səhər durub “işə gedərdi”.
Çünki o, nə Saakyan deyil, nə də Qukasyan. Tanıdığım qədəri ilə Əziz vətənpərvər və ciddi adamdır, heç yerə də qaçası, gizlənəsi deyildi. Elə qızın atası qaçıb gizlənməz.
Son 30 ildə bu kimi epizodlar çox olub. Məhkəmədə dəmir barmaqlıqlar arasından atasını sürəkli öpən qızlar vardı. Həmkarımız Əvəz Zeynallının birinci tutqusunda belə bir epizod fotolentə alınmışdı. Ondan qabaq 2003-cü il hadisələri zamanı həbs olunan qazi qardaşımızın azyaşlı qızı da dəmir barmaqlıqlar arasından atasına sarılmışdı.
Nə işdirsə, belə olayları əsasən qızlar “törədirlər”. Oğlanlar daha təmkinlidirlər, atalarının həbsini, mühakiməsini bir qədər soyuqqanlı və daha toxtaq qarşılayırlar. Sanki boyunlarına avtomatik olaraq “evin kişisi” yükü düşür.
İndi 85 il əvvəllər olmadığı üçün belə epizodların yaşanmasına imkan vermək olmaz. Filmlərdən, kitablardan bildiyimiz kimi, NKVD-nin meşin gödəkçəli işçiləri qara maşınlarda qaranlıq vaxtı gələrmişlər, adamları götürüb apararmışlar və uzun illər onların öldü-qaldısından heç kəsin xəbəri olmazmış. Repressiya illərinin xofu insanların canından indi-indi çıxır. O ağır illərin şahidi olan insanların aldığı travma az qala nəsildən-nəsilə ötürülmüşdü. Repressiya olunmuş kişilərin 60-70-ci illərdə doğulmuş nəvə-nəticələri də bir etiraz xarakterli söz deyəndə səslərini qısır, ətraflarına göz gəzdirirdilər.
Ümid edək ki, Əzizin qızı atasının saxlanmasının səbəbini bilmədiyi kimi, saxlanma aktının özünün də mahiyyətini bilmir, sadəcə, atasını çox istəyir və ondan 1 saatlıq da olsa ayrılıb getməsini istəmir. O yaşda uşaqlarda belə kaprizlər olur, bəzi səhərlər yuxudan durur və atalarını qucaqlayıb, deyirlər: “Bu gün işə getmə”. Belə durumlarda “rüşvət” işə düşür, uşağın başını ya pulla, ya başqa hədiyyə ilə, ya da şirin vədlə aldadırlar.
Hər halda gərək sırf saxlanılma olaylarında bu cür epizodlar olmasın. Baxın, Əzizin həbs səbəbi qıraqda qalıb, hamı qızcığazın bu hərəkətindən yazır, danışır. Hər şeyin bir ədəbi, çərçivəsi var.
Bir də qanunlarla idarə olunan ölkələrdə insanları hər fürsətdə həbsə almaq, ağır şəkildə cəzalandırmaq düzgün deyil. Bunun profilaktik söhbətlər aparmaq, cərimələmək, xəbərdarlıq etmək kimi üsulları da var.
Özü də söhbət normal xəbərdarlıqdan gedir. “Bir addım sağa, bir addım sola qaçış cəhdi sayılır və yerindəcə cəzalandırılır” - Stalin dövrünün ən sevimli xəbərdarlığı olub. Biz o cür xəbərdarlıqları yaşatmalı deyilik. Sağa-sola addım atanlara göz ağardaraq, yolu düz getmələrini tövsiyə etmək daha effektivdir.
Xalid Kazımlı