Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.
 
Baş nazir bu barədə hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
 
“İctimaiyyətə komandamızla müzakirə etdiyimiz qərar barəsində məliumat vermək istəyirəm. Bu gün mən Baş nazir vəzifəsini tərk edirəm”, - Qaribaşvili deyib.
 
Qeyd edək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilini əvəz edərək Baş nazir postunu tutub. 2015-ci ildə vəzifəsindən istefa verən Qaribaşvili 2021-ci il fevralın 22-də ikinci dəfə Gürcüstanın Baş naziri təyin edilib.
 
İrakli Qaribaşvili ikinci dəfə Baş nazir postuna çox çətin bir periodda gəldiyini, səlahiyyət dövrünün daxili və beynəlxalq siyasi, iqtisadi və sosial böhranlar dövrünə təsadüf etdiyini qeyd edib. Ölkəsinin maraqlarını qoruduğunu deyən Qaribaşvili 3 illik fəaliyyəti boyunca əldə etdiyi nəticələrdən razı olduğunu vurğulayıb.
 
İrakli Qaribaşvili keçirdiyi brifinqdə vəzifəsindən ayrılmasının ona hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən partiya sədri vəzifəsini tutmaq təklifi edilməsi ilə əlaqələndirib. Baş nazir qeyd edib ki, partiyanın konqresi fevralın 1-də keçiriləcək.
 
Qaribaşvili əlavə edib ki, partiyanın siyasi şurasının iclası zamanı onun yaya qədər vəzifəsində qalması müzakirə edilib, lakin o, qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq indi bu qərarı verib.
 
“Növbəti Baş nazirin öz komandasını vaxtında təqdim etməsi və hökumət formalaşdırması vacibdir. Mən yeni Baş nazirə uğurlar arzu edirəm”, - Qaribaşvili deyib.
 
Qaribaşvili komandada digər uğurlu liderlərin də olduğunu, onlara da şans verilməli olduğunu vurğulayıb.
 
“Əlavə olaraq biz indi yeni tapşırıqlarla üzləşirik, biz payızda yeni parlamenti seçəcəyik və “Gürcü Arzusu” seçkilərdə inamlı qələbəyə hazırlaşmalıdır ki biz digər böyük hədəflərimizə nail olmaq istiqamətində irəliləməyə davam edə bilək”, - deyə Baş nazir bildirib.

Baxış sayı: 11940 | Tarix: 29.01.2024
Bizi Telegramda izləyin: @repostaz