Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb.

 

Apa-nın məlumatına görə, bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantında əksini tapıb.

 

Qanun layihəsinin 10-cu (Tütün çəkilməsinə icazə verilməyən yerlər) maddəsinə görə, həmin yerlər bunlardır:

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

- ticarət obyektləri;

- məişət obyektləri;

- sosial xidmət müəssisələri;

- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

- uşaq meydançaları;

- yerüstü qapalı və yeraltı piyada keçidləri;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);

- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;

- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;

- taksafonlar;

- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr;

 

Maddədə  o da göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.

Qeyd edək ki, qanun layihəsinin hazırkı adı da dəyişdirilib və yeni formada verilmiş variantdadır

Layihə uzun müddət müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına artıq tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

 
 
 
 

Baxış sayı: 4074 | Tarix: 11.04.2017
Bizi Telegramda izləyin: @repostaz