Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.
Bu barədə Tarif Şurası məlumat yayıb.
Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.
Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.
Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.
Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır.
İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.
Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.
Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.
Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:
Bakı şəhəri üzrə:
-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
Digər regionlar üzrə:
-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilmişdir.
Qeyd edək ki, əhali istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.
Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.
İclasda idxaldan asılılığın aradan qaldırılması, rəqabət qabiliyyətli məhsulların ixracının stimullaşdırılması üzrə dövlətin iqtisadi siyasəti nəzərə alınaraq, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisinin tarifi tənzimlənib. Alüminium sənayesində olduğu kimi bu sahəyə də gecə və gündüz tarifi tətbiq ediləcək.
Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.