Sumqayıtda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin məhkəməsi başlayıb.
 
APA xəbər verir ki, cinayət işinə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
 
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Zərərçəkmiş tərəflər vəsatət qaldıraraq işin yenidən ibtidai istintaqa qaytarılmasını tələb ediblər. Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
 
Növbəti məhkəmə 24 iyula təyin edilib.
 
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
 
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
 
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Baxış sayı: 9413 | Tarix: 10.07.2024
Bizi Telegramda izləyin: @repostaz