"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mətləb Bağırov ifadə verib.
 
O ifadəsində bildirib ki, 2003-cü ildən ölkə xaricində yaşayıb və həmçinin Rusiya vətəndaşıdır:
 
"Mən əslində Rusiyanın da vətəndaşıyam və orada iş qurmuşam. İddia edirlər ki, mənim şirkətlərim Azərbaycanda yaradılıb, Türkiyə və Rusiyadakı şirkətlərim isə onun qollarıdır. Deyilir ki, Türkiyədən pul göndərilib, bir hissəsi Azərbaycanda xərclənib, qalanı yenidən Türkiyə şirkətinə göndərilib. Bu nə dərəcədə düzdür? "İnteraz" kanalı Rusiyada yaradılıb və diasporun kanalı olub. Mən onu 2007-ci ildə almışam. 2009-cu ildə isə "SalamNews" Agentliyini yaratmışam. Məqsədim Azərbaycanda olan xəbərləri yaymaq olub. 2017-ci ildə isə Türkiyədə lisenziya almışam. "İnteraz" əslində Azərbaycan kanalı deyil, Rusiya kanalıdır. Azərbaycanda şirkət yaratmağımın səbəbi xaricdən maliyyələşən bəzi xarici media qurumlarının qanuni tələbə etiraz edəndə "İnteraz"ı bəhanə edərək bu tələbdən yayınmaları olub. Mən də eyniadlı şirkəti Azərbaycanda da qeydiyyatdan keçirdim. Bu proses bir gün içində baş verib. Məhz buna görə də qanunsuz hesab edilir. Lakin, şirkət hər media qurumu kimi xəbər hazırlayıb, necə deyərlər "məhsul" istehsal edib. Media şirkəti konfet istehsal edə bilməz. Biz günə 100-ə yaxın xəbər tərcümə edib çap etmişik. Bu necə yalançı biznes ola bilər?".
 
Daha sonra M.Bağırov qaçaqmalçılıqla bağlı ittihamlara münasibət bildirib:
 
"Mənim müxtəlif bizneslərim olub. Lakin ittiham aktında qeyd olunan adamlarla biznes əlaqələrim olmayıb. İttihamda adı çəkilən şəxslərdən nə K.H., nə də başqasını şəxsən tanıyıram. Heç onlar da məni şəxsən tanımır. T.X. isə mənim şərikim olub. Sərmayəmin bir hissəsi isə onun əlində olub. O pulu corabında keçirib və ya başqa tərzdə bundan xəbərim olmayıb. N.K. isə T.X-in tanışıdır. Onu da tanımıram. Bəlkə də imkanı olmayıb, istədiyim pulu mənə göndərməyə, ondan xahiş edib. Bu isə mənim ehtimalımdır. Mən məsuliyyətdən qaçmamışam. Bütün işlərimi özüm görmüşəm. Sadəcə, şərikimdən bəzən pul istəmişəm. Qaçaqmalçılıq ittihamı da bununla bağlıdır".
 
Mətləb Bağırov leqallaşdırma maddəsi üzrə ittihamı qəbul etmədiyini də söyləyib:
 
"Leqallaşdırma məsələsinə gəlincə, mənim qazandığım pulların Azərbaycanda xərclənməsi yanlış deyil. Mən o pulu hansı mənbədən əldə etmişəmsə cinayət yolu ilə əldə etməmişəm. Mən o pulu nə reketlik edərək qazanmışam, nə də oğurlamışam. Bu pul çirkli olmadığı halda, onu necə leqallaşdıra bilərdim? Qazandığım pulu xərcləmişəm. Heç mənfəət güdmədən xərclədiyim pul isə leqallaşdırma sayılıb".
 
Proses fevralın 10-da davam etdiriləcək.
 
Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.

Baxış sayı: 1357 | Tarix: 28.01.2025
Bizi Telegramda izləyin: @repostaz