Mayın 3-də Bakıda Almaniya vətəndaşı Vüsal Şilderin qətlinin 4 ili tamam oldu.
RePost.Az lent.az-a istinadən xəbər verir ki, ölkədə böyük rezonansa səbəb olan cinayətlə bağlı əsas zərərçəkən olan Vüsalın anası Mətanət Şilder olaydan bir müddət sonra ölkəni tərk edib. O, oğlunun ölümünün ildönümü ilə bağlı sosial şəbəkədə status yazıb. Yaralı ananın yazdığı cümlələri təqdim edirik:
Gülüş sənə çox yaraşırdı, ay, gülüşünə həsrət qaldığım. Ay, içdən gülməyə həsrət qoyduğun.. Mənim həzin nəğməm, bitməyən yanğım. Ayrılıq nədir ki? Gözlərdə pərdə deyə düşünürdüm bir zamanlar. Amma yox. Ayrılıq yanğıdı, atəşdi, əzabdı. İçimi oyum-oyum oyan yaradı. Bu gün bir rəfiqəm mənə bir rəvayət danışdı. Rəbbim bir cavanın ölümünə fərman verib. Cəbrayıl geri dönərkən soruşub nədi o nalə? O kimdi elə? Deyir, fərmanını verdiyin gəncin anasıdır, o dünyada ah naləsi qulaq sökür. Deyir, get cənnətdə bir gözəl ev tik, oğlunu da oraya yerləşdir. Anasını da zamanı gəldikdə sorğu-sualsız əbədi o evdə, o cənnətdə balasının yanına yerləşdir. Əbədi ayırma onları. Əziz rəbbim. Allahım mənə səbr ver. Ayrılığının sonunu mənim üçün də xeyirli yaz, nə olar?! Sən böyüksən. Sən sınan qəlblərdə, yaralı ürəklərdəsən. Vüsalıma rəhm et, rəhmət et, cənnət et, əbədi var olan, daimi qaçırılmaz dünyanda. Bu gün mənim üçün çox çətindi. 4 il bundan öncə səninlə ayrılacağım son gecənin xatirələri bir-bir flim kimi gözümün önundədi. Yarımın başına nə gələcəyindən xəbərsiz gecəm. Sənin son səsini qulağımda həkk etmişəm: "Mama hazırlaşıram üzümü vurub, çıxıram" dedin. O günü nə yaşadın, nə hiss etdin son kimi çağırdın. Canına dəyən bıçaq yaralarında mənimi, yoxsa onu düşündün? Yoxsa heç bir əzab çəkmədin. Mələklər gülə-gülə əlindən tutdu, sevə-sevə köçdün deyə suallarla bitirib yeyirəm özümü. Kaş son dediyim ola. Görəsən uğrunda qurban getdiyin bu 4 ildə səni nə qədər düşündü? Mənim kimi ola bilməz, amma heç güzgüyə baxanda utanırmı? Mən hər şeyi Vüsalsız özümə çox görürəm. O? O, bəs davam etdiyi həyatda əzabda boğulmur ki, mən bir cavanın ölümünə səbəb oldum. Bir ananı kül etdim. Bir qardaşı qardaşından ayırdım... Amma sizlərdə vicdan hesabı olmur ki... Ancaq pul-para hesabı çalışır. Allah böyükdür. Burnunuzdan gələcək. Ana ürəyinin yanğısının atəşi mütləq bir gün sizin bacaya sıçrayacaq".
Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayının 2-də Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında baş verib. Naməlum şəxslər Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı Vüsal Şilderi qətlə yetirib. Yaralı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hadisədən iki gün sonra İsgəndərov Elman Seyidağa oğlu şübhəli şəxs qismində tutulub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Talıbov Seymur Teymur oğlu hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayətin iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. İnterpolun Azərbaycan Respublikasının Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə o, Birləşmiş Ərəb Əmirliklərində tutulduğu rəsmən bəyan edilib.
E.İsgəndərov ilkin istintaq zamanı verdiyi ifadəsində V.Şilderi özünü öldürdüyünü bildirib. O, bu sifarişi pul qarşılığında qohumu S.Talıbov və X. Əlizadə tərəfindən aldığını deyib.
Maraqlıdır ki, X. Əlizadə İnterpol tərəfindən Birləşmiş Ərəb Əmirliklərində saxlanılsa da, sonradan onun ölkəyə gətirilməsi təmin edilməyib. Şilderlər ailəsi X. Əlizadənin Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilərək törətdiyi cinayətə görə cəzalandırılması üçün çoxsaylı cəhdlər etsələr də, buna nail ola bilməyiblər. X. Əlizadənin sonradan sərbəst buraxıldığı və Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə bizneslə məşğul olduğu iddia edilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsgəndərov 14 il 6 ay, S.Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Amma Şilderlər ailəsi bu hökmü törədilmiş cinayətə adekvat hesab etmir və cinayətin digər iştirakçılarının da məsuliyyətə cəlb olunacağı günü gözləyir.
RePost.Az