Həndbol üzrə Azərbaycan yığmasında kütləvi milliləşdirmə olub. RePost.Az Apasport.az saytının məlumatına görə, yeni heyətlə işə başlayan federasiya IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanmaq üçün qadınlardan ibarət komandalarımıza müxtəlif ölkələrdən oyunçu cəlb ediblər.
Bununla, gənc və perspektivli həndbolçularımız üçün yeni açılan “qapı”ların hamısı bağlanıb. Qurum mayın 12-22-də təşkil olunacaq yarış üçün 14 həndbolçu sifariş edib ki, onlardan 9-u yeni “tapıntıdı”. Daha doğrusu, ölkələrinə lazım olmayan və əsasən aşağı liqalarda çıxış etmiş oyunçulardı. Onlar arasında ABU-da legioner kimi oynayan 32 yaşlı ukraynalı Natalya Qayoviç, onun həmyerlisi 25 yaşlı Anastasiya Metelska və 26 yaşlı rusiyalı Oksana Orexova da var.
Yığmamızın digər yeni simaları isə hamısı rusiyalıdı. Bunlar Yekaterina Artamanova (28 yaş), İrina Klimenko (22), Mariya Raçitelyeva (24), Anna Burova (21) və Alla Çernişovadı (29).
Heyətdə cəmi 5 oyunçu azarkeşlərimiz üçün tanışdı. Onlardan Səbinə Nuriyeva, İranə Qasımova, Marina Tankaskaya, Anna Həmidova və Sakinat Abasova Azərbaycan həndbolunun yetirməsidisə, Yekaterina Peçe daha öncə milliləşən rusiyalıdı.
RePost.Az