Bəzi ölkələrdə siyasətçilər, deputatlar, məmurlar, tanınmış sənət adamlarını tez-tez ictimai nəqliyyatda da görmək olar. Bir sıra hallarda işə və yə digər məkanlara gedərkən ictimai nəqliyyatdan istifadə etməyi ayıb bilmirlər.
Maraqlıdır, bəs Azərbaycanda hansl deputatlar ictimai nəqliyyatdan istifadə edir? Əgər edirlərsə, sonuncu dəfə nə vaxt metroda, ya da avtobusda olublar?
RePost.Az xəbər verir ki, Modern.az saytı suallarına cavab tapmaq üçün bəzi deputatlara müraciət edib.
Yevda Abramov ictimai nəqliyyatdan istifadə etdiyini və bunu təbii qarşıladığını deyib.
“İşimizlə əlaqədar olaraq ictimai ictimai nəqliyyatdan istifadə etmək alınmır. Yollar bağlı olan zamanlarda, yaxud qışda yollar buz bağlayanda işə ya avtobusla, ya da metro ilə gedirəm və bunu təbii qarşılayıram. Bunda heç bir qəbahət görmürəm”.
Tahir Rzayev deyir ki, o, hər gün ictimai nəqliyyatdan və metrodan istifadə edir.
“Mənim nə xidməti , nə də şəxsi maşınım var. Ona görə də ictimai nəqliyyatdan istifadəyə üstünlük verirəm. Həm də iş yerim qaldığım əraziyə yaxın olduğundan piyada gəzməyə önəm verirəm. Hara getmək lazımdırsa, metrodan, avtobusdan istifadə edirəm”.
Aqiyə Naxçıvanlı bildirib ki, lazım olan zaman ictimai nəqliyyatdan istifadə edir.
“Ən çox taksidən istifadə edirəm. Mən sürücünü evə buraxdıqdan sonra geri çağırmıram. Əgər bazar günü sürücüyə istirahət verirəmsə, yenə də onu çağırmıram. Həmin vaxtlar ictimai nəqliyyatdan istifadə edirəm. Həmçinin metro və avtobus vasitəsilə də lazım olan yerə gedirəm”.
Fazil Mustafa bildirib ki, sonuncu dəfə ictimai nəqliyyatdan bir il əvvəl istifadə edib.
“O, da metro idi. Hazırda heç bir ictimai nəqliyyatdan istifadə etmirəm. Evim uzaqda olduğuna görə daha çox şəxsi maşınımdan istifadə edirəm”.
Vahid Əhmədov ictimai nəqliyyatdan ara-sıra istifadə edir.
“Mən sonuncu dəfə 3 ay bundan əvvəl qatardan istifadə etmişəm. Həm qatarlara baxmışam, həm də müəyyən qədər yol getmişəm. Avtobuslardan isə istifadə etməmişəm. Daha çox isə şəxsi avtomobilimdən istifadə edirəm”.
Məlahət İbrahimqızı sonuncu dəfə mayın 2-də avtobusdan istifadə edib.
“Mənim evim iş yerimə yaxın yerdə yerləşir. Ona görə də ictimai nəqliyyatdan istifadə etmirəm. Son zamanlarda metrodan da istifadə etmişəm. Mənim şəxsi avtomibilim yoxdur. Bildiyiniz kimi, YAP-nın Nəsimi rayon təşkilatının sədriyəm. YAP-ın isə bütün rayon təşkilatlarının rəhbərlərinə xidməti avtomobil verilib. Bu avtomobil həm partiyanın işini görür, həm də sədrə lazım olan məqamda yarayır”.
Eldar Quliyev də arada ictimai nəqliyyatdan istifadə edir.
“Bazar günləri elə olur ki, avtobusdan və taksidən istifadə edirəm. Metrodan isə çoxdandır ki, istifadə etmirəm. Mənim xidməti avtomobilim var. Bazar günləri çox vaxt onlara istirahət verirəm. Daha çox isə avtomobildən istifadə edirəm”.
RePost.Az