Son günlər Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttində gərginlik artmağa başlayıb. Əvvəlcə mayın 15-də Ermənistan hava hücumundan müdafiə qoşunları Füzuli-Xocavənd istiqamətində hava məkanına nəzarət etmək məqsədilə "OSA" zenit-raket kompleksini müdafiənin ön xəttində yeni mövqeyə çıxarmağa cəhd göstərdi.Lakin bu cəhd uğursuzluqla nəticələndi və Azərbaycan ordusu dərhal "OSA"nı məhv etdi. Bundan 2 gün sonra isə ermənilər Ağdam rayonuna intensiv zərbələr endiriblər.
RePost.Az-ın verdiyi xəbər görə, bəzi ekspertlər hesab edir ki, Ermənistan hazırda qısamüddətli müharibəyə hazırlıq görür və onun yaxın zamanlarda gerçəkləşməsi mümkündür. Onların fikrincə, Ermənistanın hərbi-siyasi rəhbərliyi bununla həm bir sıra uğursuzluqlarını ört-basdır etmək, həm də son zamanlar Azərbaycan-Rusiya münasibətlərində yaranmış soyuqluqdan istifadə etmək istəyir. Ermənistan hakimiyyəti hesab edir ki, bu dəfə Rusiya ötən ilin aprel döyüşlərindəki olduğu kimi gözləməyəcək və savaş başlasa, Ermənistanı müdafiə edəcək.
Yaranmış vəziyyəti Milli.Az-a şərh edən hərbi ekspert, sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, ermənilərin genişmiqyaslı müharibəyə başlayacağı inandırıcı görünmür:
"Ermənilər həmişə cəbhə xəttində müxtəlif təxribatlar törədiblər, bu, ilk deyil. "OSA"nın ön xəttə çəkilməsinə gəlincə, bunun o dərəcədə də əhəmiyyəti yoxdur. "OSA" yaxın mənzilli zenit-raket kompleksidir və onun ön xəttə çıxarılması hələ ermənilərin hücuma hazırlaşması demək deyil. Ermənilər müharibəyə başlamaq və hücuma keçmək istəsələr, bunun üçün hansısa istiqamətdə mütləq qüvvələrin cəmləşməsini aparmalıdırlar. Amma belə bir cəmləşmə olsa, ikinci eşelonu irəli çəksələr, dərhal bizim Müdafiə Nazirliyi bundan xəbər tutacaq. Bunu aşkar etmək üçün Ordumuzda kifayət qədər kəşfiyyat və digər vasitələr var. Ona görə də düşmənə adekvat və hətta ondan da artıq cavab veriləcək və onların hücum niyyəti yerindəcə dəf ediləcək. Amma onlar ara-sıra təxribat törətməklə davam edəcəklər. Ordumuz buna hazır olmalıdır, hazırdır da və paylarını da lazımınca verəcək”.