Son vaxtlar Borçalı Birliyində növbəti gərginliklər ortaya çıxıb. Birliyin bəzi üzvləri mətbuat orqanlarında bir-birini ittham etməkdən çəkinmirlər. Bəs, bu informasiya mübarizəsinin arxasında nə dayanır.
 
Birliyin mətbuat xidmətinin sədri Arzuman Nəbiyevlə söhbətimiz də bu mövzu ətrafında oldu
 
Arzuman Nəbiyevin Ovqat.com-a müsahibəsini təqdim edirik:
 
-Borçalı Birliyində nə baş verir?
 
-Bu sualın cavabının uzun bir tarixçəsi var. Mən çox dərinə getmədən bildirmək istəyirəm ki, Borçalı Birliyində 2016-cı ilin yanvar ayında 8 nəfərin iştirakı ilə təşəbbüs qrupu yaradıldı. Məqsəd Birliyin sədri Zəlimxan Məmmədliyə qarşı cəbhə açmaq idi. O, fəaliyyətsizlikdə, Gürcüstan-Azərbaycan münasibətlərinə zərər vurmaqda günahlandırıldı. Halbuki, vaxtilə həmin adamlar Zəlimxan Məmmədlinin yanında idilər və eyni qaydada onu təşkilatın sədri vəzifəsinə gətirmişdilər. Bilirsiniz ki, 2009-cu ildən ötən ilə qədər Zəlimxan Məmmədli həmin təşkilatın sədri olub. Ötən ilin iyul ayının 25-də növbədənkənar konfrans keçirildi və konfranda 250-dən artıq Borçalı əsilli ziyalının iştirak etdi. Təşkilatın təsisçiləri bizim ağsaqqalımız Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimli də bizlərlə bərabər idilər. Konfransda Zəlimxan Məmmədlinin bu vaxta qədərki fəaliyyəti çox ciddi tənqid atəşinə tutuldu, yeni sədr seçildi. Yeni sədr, bizim hörmətli tarixçi alimimiz BDU-nin etnoqrafiya kaderasının dosenti Kərəm Hatəm oğlu Məmmədov oldu. Eyni zamanda 21 nəfərdən ibarət İdarə Heyəti seçildi. Sentyabr ayında biz konfransın qərarını Ədliyyə Naziliyinə təqdim etdik və müsbət cavab aldıq. Bütün məsələlər də bundan sonra başladı.
 
Baxmayaraq ki, Borçalı Birliyi ilə bağlı Kərəm müəllimin çox gözəl planları var idi, amma bu planların heç biri reallaşmadı. Çünki, Kərəm Məmmədli yaxşı alim, vətənpərvər ziyalı olsa da, təşkilatçılığa ciddi zaman ayıra bilmədi. 21 nəfərlik İdarə Heyəti isə bütün hər işi onun görməsini gözlədi. Özləri əllərini daşın altına qoymadan bütün fəaliyyəti yalnız sədrdən gözləmək, təbii ki, fəaliyyətsizliyə, yersiz dedi-qoduya gətirib çıxarmalıydı.
 
-Kərəm Məmmədov sədr olandan sonra birliyin fəaliyyəti tamamilə dayandı?
 
-Yox, bəzi tədbirlər keçirdik, indi də keçiririk. Məsələn, Birliyimiz Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemiylə bağlı çox ciddi toplantılar keçirib, Azərbaycan hökumətinin ordakı məktəbləri kitabla təmin etməsinə nail olub.
 
Gürcüstanda bir vaxtlar 200-dən artıq Azərbaycan məktəbi mövcud idi. Amma son zamanlar həmin məktəblərin sayı kəskin şəkildə azalıb. Həmin məktəblərin Azərbaycan dili və ədəbiyyatı dərslikləriylə rəsmi şəkildə təchiz edilməsi çox ciddi uğur idi. Sağ olsun, Azərbaycan dövləti, ötən ilin dekabr ayında Gürcüstandakı məktəblər üçün 17 min kitab göndərdi. Bunlar Gürcüstan və Azərbaycan dövlətlərinin birgə həyata keçirdikləri tədbirlər sırasına alındı. Eyni zamanda biz də Kərəm Məmmədlinin rəhbərliyi altında kitab toplama kampaniyasına başladıq. Azərbaycanda dərc olunan bədii kitablar toplayıb Gürcüstandakı soydaşlarımıza çatdırdıq. Həmin kitabları böyük əziyyətlə Gürcüstana apardıq, müxtəlif yerlərdə kitabxanalar yaratdıq. Bunlar həyata keçirilməsəydi,Gürcüstandakı Azərbaycan dilli məktəblər yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qala bilər, soydaşlarımızın assimilyasiya prosesi başlayar və biz bir dövlət kimi perspektivdə ciddi itki yaşayardıq.
 
Bununla belə, yalnız Kərəm Məmmədlinin şəxsi təşəbbüsüylə ərsəyə gələn bir neçə tədbirlərlə ayaqda qalmaq mümkün deyil. Təşkilatın digər qolları da öz vəzifələrini yerinə yetirməli, strukturlarını böyütməlidirlər. Nə yazıq ki, bu istiqamətdə görülən tədbirlər qaneedici deyil. Faktiki olaraq, fəaliyyətsizik və bu fəaliyyətsizliyimizin bir necə səbəbi var. Bu səbəbləri əsasən iki qrupa ayırmaq olar: obyektiv və subyektiv səbəblər.
 
Obyektiv səbəblərdən biri bizim indiyə qədər oturmağa, fəaliyyətimizi kordinasiya etməyə qərargahımızın olmamasıdır. Bizim nəinki qərargahımız, heç otağımız, masamız, təşkilatın rəsmi telefonu belə yoxdur.
 
Subyektiv səbəblərdən ən başlıcası isə Birliyin İdarə Heyətinin üzvlərinin heç bir əməli fəaliyyətlə məşğul olmamasından qaynaqlanır. Onların işləri-gücləri yenidən qruplaşmaq, Birliyin fəaliyyətini gözdən salmaq, maneələr törətməkdir. Bir vaxtlar təşkilatı Zəlimxan Məmmədlinin əlindən alıb Kərəm müəllimə təslim edənlər indi yeni sədrin ayağının altını qazırlar.
 
-Narazılığın səbəbi nədir?
 
-Səbəb öz fəaliyyətsizliyimizin günahını başqalarında axtarmaqdadır. Təsəvvür edin, Birliyin İdarə Heyətinin 21 üzvü var, amma bütün sənədlərimiz yerində olduğu halda, bizim hələ də adə  bank hesabımız yoxdur.
 
-Nədir ki bank hesabı? 10 manat verirsən, açırlar...
 
-Yəni açmamışıq. Buna Kərəm Məmmədli nə etsin? O, bu cür texniki işləri İdarə Heyətinə həvalə edib. İdarə Heyəti isə açmayıb. Eyni zamanda bu 21 nəfərin arasında səlahiyyət və vəzifə üstündə dava-qırğın gedir. Biri sədr müavini, digəri maliyyə katibi olmaq istəyir. Fəaliyyətsizliyimizə baxmayaraq, bu cür iddialarla yaşamağımız ürək ağrıdır. Mən açıq şəkildə etiraf etmək istəyirəm: 21 nəfərlik İdarə Heyətimiz tamamilə fəaliyyətsizdir. Onların dedidən-qodudan başqa əllərindən heç bir iş gəlmir. Məsələn, Birliyimizin nümayəndələri Gürcüstanda Novruz bayramı ilə əlaqədar bir tədbirə getmişdi. Kərəm Məmmədov və İdarə Heyətinin 4 üzvünün iştirak etdiyi tədbirin ertəsi günü Borçalıda yaşayan ziyalılar bu nümayəndələrlə görüşmək istəyiblər. Təsəvvür edirsinizmi, onlarla görüşə yalnız Kərəm müəllim gedib. Digərləri isə müxtəlif bəhanələrlə görüşdən yayınıblar. Səbəb isə cılız maraqlar, dedi-qodular olub. Məsələn, Kərəm müəllimə irad tutublar ki, sən bizim icazəmiz olmadan niyə ziyalılarla görüş keçirirsən. Bu cür mənasız ittiham olar? İnanın ki, o tədbirlərin keçirilməsində Kərəm Məmmədovdan başqa heç kimin xəbəri olmayıb. Bir də mən mətbuat katibi kimi xırda-para sənədlər, məktublar yazmışam.
 
- Borçalı Birliyindəki bugünkü gərginliyin əsas səbəbi yeni sədr axtarışı ilə bağlıdır?
 
-Bəli. İdarə Heyətinin üzvləri yeni sədr axtarışındadır.
 
-İndi kimi istəyirlər?
 
-Hər qrupun öz namizədi var.
 
-Nə edəcəklər sədri? Sədri gətirib yenə dedi-qoduyla ayağının altını qazacaqlarsa, nə mənası var yeni liderin?
 
-İndiki sədrimizi iş görməməkdə, bacarıqsızlıqda, fəaliyyətsizlikdə günahlandırırlar. Amma adamdan soruşarlar: Siz 21 nəfərsiz, nə etmisiniz? Yenə nə edibsə həmin o bir nəfər edib. Məsələn, Kərəm müəllim İdarə Heyətinin müxtəlif şəxslərinə layihə hazırlamağı tapşırıb. Əgər o layihələr hazırlanmayıbsa, bunun tək günahkarı sədr deyil, axı. Niyə özlərini də ittiham etmirlər? Heç kəs öz işini görmür, amma hamı müavin olmaq istəyir.
 
-Deməli, dava müavinlik üstündə gedir? Kimlərdir Kərəm müəllimin müavinləri?
 
- Təşkilatın əsas müavini Şərif Kərimlidir.
 
-Neçə müavin var?
 
-Desəm, gülməli çıxar. Bu, yazılası deyil.
 
-Niyə yazılası olmasın? Siz deyin, yazılası olmasa, yazmaram.
 
-Təsəvvür edin, adi bir otağı, stolu, telefonu olmayan Borçalı Birliyinin 7 müavini var.
 
-Bəlkə Kərəm müəllim narazılığı ortadan qaldırmaq üçün 21 müavin strukturu yaratsın?
 
-Heydər bəy, bu, ironiya mövzusu deyil.
 
-Yox, mən də heç ironiya etmirəm. Əgər təşkilat bu səbəbə görə işləyəcəksə, niyə buna gedilməsin?
 
-Məsələ burasındadır ki, həmin adamların işləmək arzusu yoxdur. İş görmək istəyənlərin bu cür cılız bəhanələrə ehtiyacı olmaz. Sabah 21 yox, 31 müavin seçilsə belə, yenə bu insanlar bəhanə tapacaqlar.
 
-Belə başa düşdüm ki, Kərəm müəllimi ittiham edənlər müavin ola bilməyənlərdir?
 
-Yox, müavinli-müavinsiz bütün İdarə Heyəti ittiham edir. Məsələn, bir təşkilat məsələləri üzrə müavin var...
 
-Adı nədir?
 
-Firudin müəllim... Təşkilat indiyə qədər iki böyük tədbir keçirib. Təşkilat məsələləri üzrə müavinin isə bu tədbirlərdən xəbəri yoxdur, amma Kərəm Məmmədovu fəaliyyətsilikdə ittiham edir. Digərləri də onun kimi... Hesab edirəm ki, təşkilatın idarəetmə strukturunun bünövrəsi düzgün qurulmayıb. Əsl problem də bundan qaynaqlanır. Bilirsinizmi, Kərəm Məmmədov ziyalıdır, elitar adamdır. Mən də təşkilatda baş verənləri görüb deyirəm ki, Borçalı Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir. Yəni çay daşı kimi. Kərəm Məmmədov isə hamiyla etika çərçivəsində danışır.
 
-Arzuman bəy, deyəsən, Zəlimxan Məmmədlini də elə bu cür ittihamlarla yola salmışdınız.
 
-Açığını desəm, mən Zəlimxan Məmmədlinin əleyhinə təşkil olunmuş bu təşəbbüsə qoşulmaqdan peşiman olmuşam. Mətbuat katibi olduğum üçün onun barəsində bəzi xoşagəlməz yazılar da yazmışam. Hesablamışam, düz 28 dəfə kəskin yazılarla onu ittiham etmişəm.  Düzdür, Zəlimxan bəy də bizə qarşı kəskin ittihamlar, hətta təhqirlər səsləndirirdi və mən də onun cavabını vermək məcburiyyətində qalırdım. Bununla belə, bir gün qismət olsa, o kişini görüb halallığını alacağam. Onu təşkilatdan uzaqlaşdıran Təşəbbüs Qrupunun üzvləri indi də Kərəm Məmmədova qarşı eyni fəaliyyətdədirlər. İdarə Heyətinin üzvlərindən kənarda yenidən qruplaşıb Təşəbbüs Qrupu yaradıblar. Adama deyərlər ki, axı sizin fəaliyyətiniz konfransa qədər idi. Konfrans keçirildi, struktur formalaşdı, siz də iddialarınızdan geri çəkilin. Niyə hər gün  eyni fikirlərlə ortaya çıxıb ara qarışdırırsınız?
 
-Maraqlıdır, Zəlimxan Məmmədlini niyə uzaqlaşdırmışdınız?
 
-Zəlimxan bəy bu gün də Borçalı Birliyinin missiyasını qeyri-qanuni olsa da yürüdür. Hətta bizdən daha yaxşı fəaliyyət göstərir. Tədbirlərini keçirir, əlindən gələni əsirgəmir. Baxmayaraq ki, o, məni facebookda blok edib, amma mən başqa profillərdən onun fəaliyyətini izləyirəm və keçmişdə ona qarşı fəaliyyətimə görə peşman oluram. Məsələn, Qurban bayramı ilə bağlı bu adam geniş tədbir keçirdi. Ayda bir dəfə geniş tərkibdə iclaslar, toplantlar təşkil edir. Bizimkilər isə dedi-qodudan başqa heç nə etmirlər. Baxmayaraq ki, Zəlimxan Məmmədlini neçə ildir, Gürcüstana buraxmırlar, o bizdən çox iş görür.
 
-Bunu bilmirdim. Niyə buraxmırlar?
 
-Bunun müəyyən səbəbləri var. Zəlimxan Məmmədlinin ən böyük layihəsi Gürcüstanda 7 il müddətində Elat bayramı keçirməsidir. Dmanisinin Armudlu yaylasında keçirilən bu bayram Gürcüstan azərbaycanlılarının milli şüurunun oyanmasında xüsusi rol oynayırdı. 2016-cı ildə biz gələndən sonra gürcülər artıq Elat bayramını ləğv elədilər. O vaxtdan həmin bayramın yerinə Dmanisoba bayramı keçirilir. Yəni Zəlimxan Məmmədlinin başlatdığı milli layihəni gürcüləşdirdilər...
 
-Bir dəqiqə, Arzuman bəy, maraqlı bir məqama toxundunuz. Belə çıxır ki, Borçalı Birliyinin Zəlimxan bəyin əlindən çıxması Gürcüstanın da maraqlarına uyğun idi. Daha sonra Kərəm Məmmədovun başlatdığı kitab kampaniyası da Gürcüstanda Azərbaycan türklərinin milli şüurunu qorumağa xidmət edirdi. Maraqlıdır ki, istər Zəlimxan bəyin, istərsə də Kərəm müəllimin vurulmasında eyni qüvvələr aktivlik göstərir. Siz bu işlərdə gürcü əlinin mövcudluğunu hiss etmirsiniz?
 
-Mən bu suala cavab verə bilmərəm. Bunu araşdırmaq mənim imkanlarım xaricindədir. Amma hesab edirəm ki, o vaxt Zəlimxan Məmmədli həqiqətən də Gürcüstanda populist çıxışlar edirdi.
 
-Necə düşünürsünüz, Zəlimxan bəylə Kərəm müəllimin qüvvələrini birləşdirməsi Borçalı Birliyinin daha aktiv fəaliyyətinə təkan verə bilərmi?
 
-Açığı, mən də bu təşəbbüslə çıxış etmək istəyirəm. İnşallah, tərəflər mənim xoş niyyətimi qəbul edərlər.
 
RePost.Az

Baxış sayı: 3466 | Tarix: 25.05.2017
Bizi Telegramda izləyin: @repostaz