Bakıda və Abşeron yarımadasında avqustun 5-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a  məlumat verilib.

Azərbaycanın rayonlarında avqustun 5-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun 35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 34-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Bölgələrdə də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda çox isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.


Baxış sayı: 2820 | Tarix: 04.08.2017
Bizi Telegramda izləyin: @repostaz