“Dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hamısı qeydiyyatdan keçib. Hazırda universitetlərə qəbul olan 36 568 nəfərdən 31 764 nəfəri qeydiyyatdan keçib”.
 
RePost.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.
 
DİM sədri bəzi abituriyentlərin xaricdə təhsil alması ilə bağlı məsələyə də toxunub: “Belə formada asan ali təhsil əldə etmək üsulundan valideynlər daha çox yararlanırlar. Bu da hardasa “əldəqayırma diplom” əldə etmək sevdasından irəli gəlir. Halbuki belə diplomlar vaxtilə Moskvada metroda da satılırdı. Övladını təhsil üçün xaricə göndərən valideyn ilk növbədə keyfiyyətə üstünlük verməlidir. Valideyn bilirsə ki, onun övladı orta məktəbi güc bəla ilə bitirib bizim təşkil etdiyimiz imtahanlarda nəticə göstərə bilmir və oxumağa meyilli deyil, ancaq onun dünya görüşünün artması üçün xaricə göndərirsə, bu, onun öz seçimidir”.
 
O qeyd edib ki, bu il 200 baldan yuxarı nəticə göstərib heç bir yerə qəbul olmayan 1739 nəfər var: “Onlardan 624-ü, ümumiyyətlə, müsabiqədə iştirak etmək üçün ərizə verməyib. Xaricə gedib o qədər maliyyə vəsaiti verənə qədər ölkədə fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində təhsil almaq olar. Bu il 6000-ə yaxın yer belə təhsil ocaqlarında boş qalıb”.
 
M.Abbaszadə vurğulayıb ki, dövlət qulluğuna qəbulla bağlı keçiriləcək müsabiqənin sertifikasiya ilə əlaqədar olan ilk imtahanların oktyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur: “İmtahanların tarixini elan etməzdən əvvəl dövlət qurumları vakant yerlər barədə məlumatı təqdim etməlidirlər. Bu ayın sonuna kimi müxtəlif dövlət qurumlarından bu məlumatlar DİM-ə daxil olarsa, sentyabrda dəqiq tarixi elan edə biləcəyik. Dövlət qulluğuna qəbulla bağlı təşkil ediləcək müsabiqədən əvvəl onlayn sınaq imtahanları keçiriləcək. Həmin imtahanların sentyabrın sonlarında təşkili nəzərdə tutulur”.
 
Bundan başqa Abbaszadə deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
 
RePost.Az

Baxış sayı: 4188 | Tarix: 23.08.2017
Bizi Telegramda izləyin: @repostaz