Səhiyyə nazirinin əmrinə uyğun olaraq 2017-2018-ci tədris ilindən tibb işçilərinin davamlı tibbi təhsil sisteminə keçidi başlanıb.
 
Bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.
 
Direktor deyib ki, bu sistemin məqsədi səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır.
 
Onun sözlərinə görə, bununla bağlı səhiyyə nazirinin verdiyi əmrin icrası məqsədilə artıq institutun 5 kafedrasında – sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kursları təşkil olunub: “Tətbiq ediləcək “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”a əsasən davamlı tibbi təhsili ali tibb təhsilini təsdiq edən sənəd alınan gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrünü əhatə edir”.
 
Davamlı tibbi təhsilinin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçəcək. Həmin kreditlər təkmilləşmə kurslarında və toplanma sistemi metodu ilə yığılacaq: “Təkmilləşdirmə kursları Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən müvafiq ixtisaslar üzrə təhsil proqramlarının modulları əsasında həyata keçirilir, əyani və distant (məsafədən) formada təşkil edilir. Təkmilləşdirmə kursunun minimal müddəti 1 həftədən az, maksimal müddəti isə 2 həftədən çox olmamalıdır. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibbi təhsili fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. Sertifikasiya dövrü ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Davamlı tibb təhsili kreditlərinin hesablanması təsdiq olunmuş xüsusi cədvələ əsasən aparılacaq. Sertifikasiya dövründə davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. 5 il ərzində müvafiq krediti toplaya bilməyən tibb işçiləri sertifikasiyaya buraxılmayacaq və onun praktik fəaliyyəti dayandırılacaq. Təkmilləşdirmə kurslarından istifadə olunduqda ixtisas üzrə təhsil proqramının bütün modullarını bir (və ya bir neçə) təkmilləşdirmə kursu ilə keçərək 240 kreditin toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün kifayət edəcək”.
 
N.Qasımov qeyd edib ki, institutunda həyata keçiriləcək pilot layihəsinin nəticələrinə əsasən davamlı tibbi təhsil sisteminin digər ixtisaslar üzrə də tətbiqi baş tutacaq.
 
RePost.Az

Baxış sayı: 3466 | Tarix: 25.09.2017
Bizi Telegramda izləyin: @repostaz